Accessibility links

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışmalar davam edir


Ermənistan və Azərbaycan qüvvələri arasında yeni toqquşmalar baş verib. Hər iki tərəf digərini Rusiyanın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəsi pozmaqda günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına əsasən, oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalıb.

Müdafiə Nazirliyi bildirir ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

“Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib,” məlumatda deyilir.

Müdafiə Nazirliyi həmçinin bildirir ki, oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni tərəfinin 2 pilotsuz uçuş aparatı (PUA), bu gün isə Ağdam rayonu istiqamətində 1 PUA-sı məhv edilib.

Gəncə şəhərində axtarış və xilasetmə qrupları raketin vurduğu ərazidə işləyir, 11 oktyabr, 2020.
Gəncə şəhərində axtarış və xilasetmə qrupları raketin vurduğu ərazidə işləyir, 11 oktyabr, 2020.

Nazirlik Ağdam, Goranboy və Tərtər rayonlarının ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğu barədə də məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.

Erməni tərəfinin rəsmi hərbi mənbələri də oktyabrın 11-də və 12-də qoşunların təmas xəttində qarşılıqlı atışmaların olduğunu təsdiq edən məlumat yayıb.

“Azərbaycan Silahlı Qüvvələrinin gecə ərzində əməliyyat-taktiki vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri uğursuzluqla nəticələnib. `Qarabağ ordusunun` bölmələri texnika və canlı qüvvə ilə düşmənə çox böyük ziyan vurub. Ötən gecə Qarabağdakı bütün cəbhə boyu nisbətən sabit və gərgin vəziyyət müşahidə edilib. Düşmən tərəfdən ən böyük fəaliyyət şimal, şimal-şərq və cənub istiqamətlərində müşahidə edilib,” özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran qurumun “müdafiə ordusunun” mətbuat xidməti bildirib.

Mətbuat xidmətinin məlumatında deyilir ki, oktyabrın 12-də səhər tezdən başlayaraq Azərbaycan tərəfindən erməni qüvvələrinin mövqeləri artilleriya atəşinə məruz qalıb və müvafiq cavab verilib.

"Ağır döyüşlər davam etdirilir," Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Arsrun Hovanesyan bildirib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın bildirdiyinə görə, Azərbaycan "indi cənub cəbhəsini intensiv atəşə tutur".

Ermənistanın rəsmi hərbi mənbələri oktyabrın 12-də daha 96 hərbiçisinin həlak olduğunu və bununla döyüşlər zamanı həlak olan hərbiçilərinin sayının 525-ə çatdığını bildirib.

Mülki itkilərə gəlincə, dünən oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri Gəncə artilleriya zərbəsinə məruz qaldıqdan sonra, bu gün Azərbaycan Baş Prokurorluğu Tərtər rayonun Kəngərli kənd sakini Firudin Bəylətovun yaralandığı barədə məlumat yayıb.

Azərbaycan mediası Ağdam rayonu ərazisinə atılan artilleriya mərmilərinin əkin sahələrinə və insanların həyətyanı təsərrüfatlarına düşdüyü barədə kadrlar nümayiş etdirib. Mərmilərdən biri Qaradağlı kəndində yaşayış evinə dəyib.

Erməni tərəfi bu gün mülki əhalinin atəşə məruz qalması ilə bağlı hələ məlumat yaymayıb.

Oktyabrın 11-də Azərbaycanın Gəncə şəhərinin artilleriya atəşinə tutulması nəticəsində 9 mülki şəxs həlak olub, 35 nəfər yaralanıb. Baş prokuror Kamran Əliyev oktyabrın 11-də bildirib ki, sentyabrın 27-dən indiyədək Azərbaycanın 42 mülki vətəndaşı həlak olub, 206 nəfər yaralanıb.

Erməni tərəfinin rəsmi məlumatına görə, 27 sentyabrdan indiyədək 20 mülki şəxs həlak olub, 90 nəfərədək mülki şəxs yaralanıb. Hərbiçilər arasında isə 339 nəfər həlak olub.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı hələ məlumat yaymayıb.

Oktyabrın 9-da isə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında Moskvada keçirilən görüşün sonunda yayılan bəyanata əsasən Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində atəşkəs elan olunub.

Atəşkəs razılığına əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olanların meyitlərinin dəyişdirilməsi nəzərdə tutulur.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bəyanat yayaraq, Dağlıq Qarabağ münaqişəsində humanitar atəşkəsin əldə olunmasını alqışladığını bildirib. Komitə həmçinin neytral vasitəçi olaraq döyüşlərdə ölən insanların cəsədlərinin və saxlanılan insanların təhvil verilməsinə yardım etməyə hazır olduğunu vurğulayıb.

XS
SM
MD
LG