Accessibility links

Ağır döyüşlərin davam etdiyi bildirilir


Ermənistan Müdafiə Nazirliyi son saatlarda Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın cənubunda "irimiqyaslı hücum əməliyyatı"-na başladığını bildirib. Nazirliyin sözçüsü Şuşan Stepanyan Twitterdə hücum edən qüvvələrə müqavimət göstərildiyini yazıb.

Bundan öncə Ermənistan Müdafiə Nazirliyi oktyabrın 6-na keçən kecə döyüş bölgəsində sakitlik hökm sürdüyünü bildirmişdi.

Oktyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.

"Müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb," nazirliyin məlumatında deyilir.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində erməni ordusunun Ballıca məntəqəsində (Xankəndi şəhərindən 5 kilometr şimalda) yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.

Ermənistan tərəfi Azərbaycan Müdafiə Nazirliynin məlumatlarının əksinə olaraq erməni ordusunun Azərbaycan qoşunlarını itklilərə məruz qoyduğunu, çoxsaylı hərbi texnika və uçuş aparatlarını sıradan çıxardığını bildirir.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfin oktyabrın 5-də Azərbaycan Silahlı Qüvvələrinin 200 əsgərinin məhv edilməsi haqqında məlumatını təkzib edərək "dezinformasiya" adlandırıb.

Nazirlik cəbhə xətti boyunca erməni hərbi hissələrinin geri çəkildiyini bnildirir.

Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən qənimətlərin və Cəbrayıl rayonunun nəzarətə götürdüyü Çaxırlı kəndinin video görüntülərini də yayıb.

Oktyabrın 6-da Azərbaycan və Ermənistan tərəfi mülki yaşayış məntəqələrinin atəşə məruz qalması barədə hələ məlumatlar yaymayıb.

Hərbi itkilərə gəlincə, Ermənistan Müdafiə Nazirliyi sonuncu dəfə oktyabrın 3-də bildirib ki, ümumilikdə Azərbaycan Ordusunun 2745 hərbçisi öldürülüb, 7000 nəfər yaralanıb, 14 hərbi təyyarə, 14 hərbi helikopter, 123 pilotsuz uçuş aparatı, 4 Smerç tipli raket qurğusu, 355 zirehli döyüş texnikası vurulub.

Azərbaycan Müdafiə Nazirliyi öz hərbi itkiləri barədə hələ məlumat yaymayıb və erməni tərəfinin məlumatlarını dezinformasiya adlandırıb. Nazirik yalnız bir dəfə, oktyabrın 1-də erməni tərəfinin 2300 canlı qüvvəsinin öldürüldüyünü bildirib.

Çərşənbə axşamı Ermənistan Müdafiə Nazirliynin rəsmisi ermənilərin hərbi itkilərinin 240 nəfərdən çox olduğunu bildirib.

Döyüşlər zamanı hər iki tərəfdən mülki əhali də artilleriya zərbələrinə məruz qalıb.

Azərbaycanın Baş Prokurorluğunun məlumatına görə,oktyabrın 6-dək həlak olmuş mülki şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 376 evə və 63 mülki obyektə ciddi ziyan dəyib.

Erməni tərəfi 21 mülki vətəndaşın öldüyünü, 82 nəfərin yaralandığını xəbər verir.

Azərbaycan hərbi rəsmiləri isə dinc əhalinin hədəfə alınmadığını bəyan edir.

İki ölkə arasında gərginliyin aradan qaldırılması və döyüşlərin dayandırılması istiqamətində diplomatik səylər davam etdirilir.

ABŞ Dövlət Katibinin müavini Stiven Biqun oktyabrın 5-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda apardığı telefon söhbəti zamanı Dağlıq Qarabağda hərbi əməliyyatların eskalasiyası ilə bağlı narahatlığını bildirib.

Dövlət Katibinin müavini xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını vurğulayıb.

BMT-nin Baş Katibi Antonio Quterreş bəyanat verərək Dağlıq Qarabağda hərbi əməliyyatların davam etdirilməsini qınayıb və tərəfləri döyüşləri dərhal dayandırmağa çağırıb.

“BMT Baş Katibi münaqişənin hərbi həll yolu olmadığını vurğulayır və tərəfləri dərhal bütün hərbi əməliyyatları dayandırmağa çağırır,” bəyanatda qeyd edilir.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ, Rusiya və Fransanın xarici işlər nazirləri açıqladıqları birgə bəyanatda da Azərbaycan və Ermənistanı Dağlıq Qarabağda dərhal atəşkəsə çağırıb.

Oktyabrın 5-də Ermənistan tərəfin təşəbbüsü ilə Vladimir Putinin Ermənistanın Baş Naziri Nikol Paşinyanla telefon danışığı baş tutub.

“Dağlıq Qarabağ münaqişəsində şiddətlənən və genişmiqyaslı xarakter alan, hər iki tərəfdən ciddi itkilərə, o cümlədən dinc əhali arasında qurbanlara gətirib çıxaran silahlı qarşıdurma ilə bağlı müzakirə davam etdirilib,” Kremlin məlumatında deyilir.

Oktyabrın 6-da Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edib.

Rusiyanın Baş Naziri Mixail Mişustinin oktyabrın 8-də Yerevana səfər edəcəyi bildirilir.

Azərbaycan Ordusu döyüşlərin başladığı 10 gündə erməni qüvvələrinin nəzarətində olan Murov dağ silsiləsindəki mövqeləri, Tərtər rayonunun Suqovuşan (Madagiz) qəsəbəsini, Cəbrayıl rayonunu və 20-dən çox kəndə nəzarəti ələ keçirdiyini bildirir.

Erməni rəsmiləri bu açıqlamaları təsdiq etmir.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG