Accessibility links

Azərbaycan və Ermənistan rəhbərlərinin martın 29-da Vyanada görüşü gözlənilir


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın martın 29-da Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə görüşü keçiriləcək. Bu barədə Ermənistan mediası diplomatik mənbələrə istinadən məlumat yayıb.

Azərbaycan tərəfi hələ məlumatı şərh etməyib.

Bundan öncə tərəflər iki ölkə rəhbərlərinin görüşünə hazırlıq getdiyini bildirib.

Avstriya prezidentinin mətbuat xidməti də martın 29-da bu ölkənin prezidenti Alexander Van der Bellenin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pashinyan ilə ayrı-ayrılıqda görüşəcəyi barədə məlumat yayıb.

ATƏT-in Minsk qrupu - bayraqlar
ATƏT-in Minsk qrupu - bayraqlar

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

dağlıq Qarabağ
dağlıq Qarabağ

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatından sitat

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.

2019-cu il yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə bəyanatında deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.

“Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçirib," sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçirib.

Dağlıq Qarabağ münaqişəsi
Dağlıq Qarabağ münaqişəsi

“Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd edib. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırır,” Minsk Qrupunun həmsədrləri qeyd edir.

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Rəsmi məlumatlara görə, dövlət başçıları görüş zamanı müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi aparıb.

ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib. Rəsmi məlumatlarda deyilir ki, görüşlərdə münaqişənin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair martın 9-da bəyanat yayıb.

Sənəddə deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bundan öncəki, 1 mart tarixli bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayıb.

Həmsədrlər bəyan edir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

Dağlıq Qarabağ münaqişəsi
Dağlıq Qarabağ münaqişəsi

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Amerikanın Səsinin sualının cavabında bildirib ki, Azərbaycanın münaqişənin nizamlanmasında mövqeyi birmənalıdır.

“Azərbaycanın ən yüksək rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır,” o qeyd edib.

XS
SM
MD
LG