Accessibility links

Azərbaycan və Ermənistan sərhəd məsələləri ilə bağlı danışıqları davam etdirir


Azərbaycan-Ermənistan sərhədinin bəzi sahələrində vəziyyət hələ də normallaşmayıb.

Tərəflər arasında danışıqlar Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparan Rusiya Ordusunun sülhməramlı missiyanın rəhbəri Rüstəm Muradovun iştirakı ilə davam etdirilir.

Ermənistan tərəfi hələ ümumi razılığın əldə edilmədiyini bildirir.

“Mayın 16-dək Ermənistanın Syunik (Azərbaycan Gorus adlandırır-red) və Gegharkunik (Azərbaycan Basarkeçər adlandırır-red) bölgələrinin sərhəd sahələrində Azərbaycan silahlı qüvvələrinin təxribat hərəkətləri nəticəsində yaranan vəziyyət dəyişməyib.”

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik bildirir ki, vəziyyət sabitdir, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri heç bir dəstək və tikinti işi aparmır, vəziyyəti ağırlaşdırmağa çalışmırlar.

“Artıq xəbər verdiyimiz kimi, vəziyyətin sülh yolu ilə həlli ilə bağlı danışıqlar bu gün davam etdirililəcək,” Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Azərbaycanı “suveren ərazisini pozması” iddiasının tamamilə əsassız olduğunu bildirirb.

O vurğulayıb ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci ilin noyabrınadək Azərbaycan ərazilərini "qanunsuz işğal" altında saxlaması olub.

Abdullayeva deyib ki, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.

“Azərbaycan tərəfi azad edilmiş bölgələrdə hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir,” mətbuat katibi bildirib.

O deyib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur, bu sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır.

Abdullayeva bir daha vurğulayıb ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir.

Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan mayın 13-də hökumətin iclasında Azərbaycanın silahlı qüvvələrinin sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistan ərazisinə daxil olduğunu deyib.

Paşinyanın bildirdiyinə görə, ərazidə hərbi eskalasiya, atışma, yaxud qarşıdurma baş verməyib, Azərbaycan əsgərlərinin ərazidən çıxarılması üçün iş aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyi də mayın 13-də Ermənistanla sərhəddə vəziyyətlə bağlı bəyanatla çıxış edib.

“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir,” bəyanatda qeyd edilir.

Hər iki tərəfin qarşılıqlı bəyanatlarına baxmayaraq, sərhəddə baş verən gərginlik ABŞ Dövlət Departamentinin, ATƏT sədrinin, Rusiya və Fransa rəhbərlərinin diqqətini cəlb edib.

Mayın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Şərhlərə bax

XS
SM
MD
LG