Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşəcək


İyunun 20-də Vaşinqton şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri görüşü hazırlamaq məqsədi ilə mayın 27-dən 30-dək regionda səfərdə olub, Ermənistanda, Azərbaycanda və Dağlıq Qarabağda görüşlər keçirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfərin yekunları ilə bağlı yaydığı birgə bəyanatda deyilir ki, həmsədrlər bu səfərlərinin əsas məqsədi kimi tərəflər arasındakı təmas xəttində və dövlət sərhədindəki mövcud vəziyyətin qiymətləndirilməsini, habelə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində isə aprelin 15-də aparılan danışıqların davam etdirilməsini müzakirə edib.

“Xahişə uyğun olaraq, həmsədrlər münaqişənin həlli əsnasında sonrakı addımlarla, o cümlədən humanitar və təhlükəsizlik tədbirlərilə bağlı təkliflərini açıqlayıblar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların himayəsində görüşmək təklifini qəbul edib,” bəyanatda qeyd edilir.

Həmsədrlərin bəyanatında həmçinin təmas xəttindəki son insan tələfatından dərin narahatlıq ifadə olunub, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılıb.

ATƏT-in Minsk qrupu - bayraqlar
ATƏT-in Minsk qrupu - bayraqlar

Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmsədrlər Azərbaycanda səfərdə olarkən, mayın 30-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində, snayper atəşi ilə Azərbaycan Müdafiə Nazirliyi zabitinin öldürüldüyünü bildirib.

Bu zaman Ermənistan tərəfi atəşkəsin pozulmadığını, cəbhənin bütün istiqamətlərində atəşkəs rejiminə əməl edildiyini bəyan edib. Buna baxmayaraq, həmsədrlərin regiona səfərindən sonra cəbhənin Dağlıq Qarabağ istiqamətində Ermənistanın və Azərbaycanın hər birinin iki hərbçisi öldürülüb.

Cəbhədə gərginlik artmaqda davam edir. İyunun 13-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın aviasiya vasitəsinə ermənilər tərəfindən raket zərbəsi endirildiyini bildirib.

Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir. Azərbaycan tərəfi cəbhədə gərginliyin artmasını Ermənistanın danışıqları pozmaq cəhdi kimi qiymətləndirir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

İlham Əliyev və Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə
İlham Əliyev və Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə

ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair martın 9-da bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG