Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri video-konfrans formatında görüşüb


İyunun 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video-konfrans formatında görüşü baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin məlumatına görə, bir saat davam edən video-konfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

“Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb. Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb. Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti video-konfrans formatında görüşünün təşkilinə razılaşıblar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər,” məlumatda deyilir.

Bundan öncə, aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub. Tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.

ATƏT-in Minsk qrupunun həmsədrlərininn birgə bəyanatında deyilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə martın ortalarından sıx məsləhətləşmələr keçirilir.

“Məsləhətləşmələrin gedişatında iştirakçılar qlobal böhranın regionun səhiyyə sisteminə və son hadisələrə təsirini müzakirə ediblər. Onlar həmçinin Cenevrədə bu ilin 30 yanvarında yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçiriblər,” həmsədrlər qeyd edib.

Azərbaycan-Ermənistan liderlərinin Münhen debatı

Bundan öncə bu il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında 45 dəqiqəlik panel müzakirələr keçirilib. Debat hər iki liderin bir-birini ittiham edən tərzdə gərgin keçib.

Prezident İlham Əliyevə bölgənin tarixinə toxunaraq deyib ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

Azərbaycan və Ermənistan lideri arasında debat keçirilib
Azərbaycan və Ermənistan lideri arasında debat keçirilib

Sualları cavablandıran Əliyev işarə edib ki, sülh yolu ilə razılaşmaq mümkün olmasa, Azərbaycan işğal olunmuş torpaqları azad etmək hüququndan istifadə edəcək.

Paşinyan həll yolunun üç tərəfi - Ermənistan, Qarabağ və Azərbaycanı qane etməsi və hərbi həllin mümkün olmaması barədə öz əvvəlki tezisini təkrarlayıb.

Sonra o, Əliyevi Dağlıq Qarabağ erməniləri ilə birbaşa danışıqlara çağırıb.

Prezident Əliyev cavab verib ki, Ermənistan öz qoşunlarını çıxarıb işğal etdiyi torpaqları azad edən kimi Azərbaycan Qarabağ erməniləri ilə danışacaq.

O, Qarabağın münaqişə tərəfi olması barədə Ermənistanın iddialarını rədd edib. Münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir. Bu barədə ATƏT-in Minsk Qrupunun sənədlərində də deyilir.

“Sülh yolu ilə nizamlanma necə görünür?” Zaldan verilən bu sualın cavabında Əliyev mərhələli variantı qeyd edib. İşğal olunmuş ərazilər azad edilir, erməni qoşunları çıxarılır, münasibətlər normallaşır və Qarabağın statusu bundan sonra həll olunur.

Paşinyan buna cavab olaraq deyib ki, Qarabağ ətrafındakı ərazilər “təhlükəsizlik zonasıdır” və erməni tərəfi bunu “asanlıqla qaytara bilməz”.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

Şuşa səhəri
Şuşa səhəri

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG