Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ABŞ-da ola bilər


Azərbaycan Ermənistanı “3+2” formatını qəbul etməyə çağırır

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk Qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir. Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Abdullayevanın fikrincə, Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz.

“Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik.
Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva

“Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik. Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar,” mətbuat xidmətinin rəhbəri qeyd edib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 17-də Polşada səfərdə olarkən mətbuata açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçirilən görüşünün nəticələrini şərh edərkən bildirib ki, ABŞ dövlət katibinin iştirakı ilə iki ölkə xarici işlər nazirlərinin növbəti görüşünü Vaşinqtonda keçirmək üçün aprelin 16-da oradan dəvət alıb.

O, ümudvar olduğunu bildirib ki, belə görüşlər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyişə yardım edə bilər.

Məmmədyarovun bu şərhi Ermənistan tərəfindən birmənalı qarşılanmayıb.

Hələlik razılaşdırılmamış görüşün carçısı olmaq cəhdi qarşılıqlı etimada əsaslanan normal iş şəraitinin formalaşmasına şərait yaratmır.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan

“Hələlik razılaşdırılmamış görüşün carçısı olmaq cəhdi qarşılıqlı etimada əsaslanan normal iş şəraitinin formalaşmasına şərait yaratmır,” Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan aprelin 18-də nazir Məmmədyarovun bəyanatını şərh edib.

"Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində hər bir görüş təsdiq edildikdən sonra görüş barədə razılaşdırılmış qaydada məlumat verilir. Həqiqətən, əvvəlki görüşlərin coğrafiyası nəzərə alınmaqla, həmsədr ölkələrdən birində görüş keçirilməsi ehtimalı dəyərləndirilir. Bu məsələ hələlik müzakirə mərhələsində olduğuna görə birtərəfli anonslardan və açıq danışıqlar üslubundan uzaq durmaq lazımdır. Bundan başqa, həmsədr ölkələrdən birində görüş keçiriləcəyi haqqında bəyanat vermək proses iştirakçılarına və ilk növbədə həmin həmsədr ölkəyə qarşı hörmətsiz münasibətdir," Naqdalyan qeyd edib.

O, həmçinin Məmmədyarovun Moskva görüşündə nazirlərin 2016-cı ilin hansısa nizamlama proqramını müzakirə etdikləri barədə sözlərini təkzib edib.

"Görüşün yekunlarına görə, görüşdə iştirak edən tərəflərin birgə bəyanatı dərc edilib, bütün müzakirə olunan mövzular burada əksini tapıb. Birgə bəyanatlar məhz bütün görüş iştirakçılarının razılaşdırdığı formulların ümumiləşdirilməsi məqsədilə verilir. Razılaşdırılmış formullardan kənar, onlara zidd bəyanatlar, xüsusən uydurmadırsa və həqiqətə uyğun deyilsə, qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaratmır. Hazırda hər hansı proqram əsasında danışıqlar aparılmır," Naqdalyan bildirib.

Bununla yanaşı, Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin onun iştirakı ilə keçirilən 15 aprel Moskva görüşünün yekunları ilə bağlı nikbin olduğunu bildirib.

Moskvada Serbiya xarici işlər naziri Ivitsa Daçiçlə birgə mətbuat konfransında Lavrov 2016-cı ildə müzakirə edilən plandan danışarkən bildirib ki, təkliflərin mahiyyətinə gəlincə, onlar ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin başçılarının çoxsaylı bəyanatlarında təsbit edilmiş yanaşmalar məcrasındadır və tərəflərin özləri arasında ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi, müdaxilə etməmə və güc tətbiq edilməməsi prinsipləri əsasında razılaşmaların axtarışını nəzərdə tutur.

Sizi dövlət başçılarının bu bəyanatlar seriyasına və ATƏT-də ötən ilin dekabrında Xarici İşlər Nazirlər Şurasının iclasında qəbul edilmiş son bəyanatlara baxmağa dəvət edirəm.
Rusiya xarici işlər naziri Sergey Lavrov

"Sizi dövlət başçılarının bu bəyanatlar seriyasına və ATƏT-də ötən ilin dekabrında Xarici İşlər Nazirlər Şurasının iclasında qəbul edilmiş son bəyanatlara baxmağa dəvət edirəm. Orada işin bütün təməl istiqamətləri əksini tapıb. Təfsilatı, əlbəttə ki, məxfidir", deyə Lavrov bildirib.

Xatırladaq ki, 2016-cı ildə müzakirə edilən plana "Lavrov planı" da deyirlər.

Bu plan Kazan şəhərində prezident İlham Əliyev və Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyanın 2012-ci ildə görüşü zamanı imzalanıb.

Burada ilk olaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından, daha doğrusu 5 rayondan mərhələlərlə çəkilməsi, Kəlbəcər və Laçın rayonları üçün ayrıca statusun müəyyən edilməsi, sonradan bu rayonların demilitarizasiyası, münaqişə bölgəsinə beynəlxaq sülhməramlı qüvvələrin yeridilməsini nəzərdə tutur.

Bununla tərəflər arasında əlaqələr bərpa edilir və Dağlıq Qarabağa aralıq status verilir. Beləliklə danışıqlar davam etdirilir və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz məsələsi həll edilir. Məcburi köçkünlər Dağlıq Qarabağa geri qaytarıldıqdan sonra hər iki icmanın iştirakı ilə bölgənin statusu müəyyən edilir.

Bu plan vaxtı ilə ciddi tənqidlərlə qarşılansa da Azərbaycan ərazi bütövlüyü daxilində müəyyən düzəlişlərlə planı məqbul sayıb. Lakin erməni tərəfi planı qəbul etməyib.

Rəsmilərin bildirdiyinə görə, 2016-ci il aprel 2-dən 5-dək cəbhədə döyüşlər bərpa edildikdən sonra plana müəyyən dəyişiklilərin zəruruiliyi ortaya çıxıb. Ekspertlər hesab edir ki, bu hərbi əməliyyatların yenidən bərpa olunmasının qarçısının alınmasına yönəlmiş təkliflər ola bilər və Azərbaycan belə öhdəlik götürə bilməz. Çünki Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək çünü bütün vasitələridən istifadə etmək hüququ var.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)
Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşür
İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşür

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də Milanda, 2019-cu il yanvarın 16-da Parisdə görüşüb.

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Dövlət başçılarının görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib.

Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair martın 9-da bəyanat yayıb.

Həmsədrlər bəyan edib ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir.
ATƏT-in Minsk Qrupu

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

Martın 29-da prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələ müzakirə edilib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlətinin birgə bəyanatında deyilir ki, görüş müsbət və konstruktiv şəraitdə keçib, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yaranıb. Azərbaycan və Ermənistan liderləri öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə görüşmək barədə tapşırıq verib.

Aprelin 15-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüşü olub. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) iştirakı ilə davam etdirilib.

ATƏT-in Minsk qrupu - bayraqlar
ATƏT-in Minsk qrupu - bayraqlar

​“Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həll edilməsi istiqamətində səylərini davam etdirmək niyyətini təsdiqləyib. Nazirlər münaqişə zonasında vəziyyətin daha da sabitləşməsinə, xüsusilə də kənd təsərrüfatı fəaliyyətində maraqlı olduqlarını vurğulayıb. Həmçinin, tərəflər qarşılıqlı əsasda ailələrin tərəflərin həbsxanalarında həbsdə olan qohumları ilə əlaqə saxlamalarına imkan vermək barədə razılığa gəliblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlər yolu ilə konkret işə başlamağa hazır olduqlarını bildiriblər,” Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşün nəticələri ilə bağlı yaydığı birgə bəyanatda deyilir.

XS
SM
MD
LG