Azərbaycan xarici İşlər nazirinin müavini Xələf Xələfovilə Gürcüstan xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası mayın 23-24-də Bakı şəhərində keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq dövlət komissiyaları yaradılıb və indiyədək komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 kilometrlik Azərbaycan - Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 kilometrlik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.
Bu il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət edib. Bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil olub. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.
Son günlər Gürcüstandan bir qrup insan "Keşikçidağ" mağara-kilsə kompleksi ilə bağlı iddialar irəli sürüb, sərhəd ərazisinə gələrək gərginlik yaratmağa cəhd edib.
Azərbaycan "Keşikçidağ" mağara-kilsə kompleksindəki tarixi abidələri dövlət səviyyəsində qoruma altına alıb. Bu məqsədlə hələ 2007-ci ildə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.