Accessibility links

Azərbaycan və Gürcüstan sərhəd məsələlərini müzakirə edib


Azərbaycan və Gürcüstan xəritəsi

Mayın 23 və 24-də Bakıda Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası keçirilib.

Azərbaycanın nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhədlər və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov başçılıq edib, Gürcüstan tərəfindən nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Gürcüstan hökumətinin sərhədlər məsələləri üzrə xüsusi nümayəndəsi Laşa Darsaliya başçılıq edib.

Görüşdə həmçinin, ekspertlər və hər iki ölkənin müvafiq dövlət orqanlarının təmsilçiləri iştirak edib.

Dövlət sərhədi xəttinin keçməsi məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb.

İclasın nəticələrinə dair tərəflər razılaşdırılmamış qalan hissələrə yerində ekspertlər səviyyəsində birgə baxışın keçirilməsini qərara alıblar.

Eləcə də, tərəflər dövlət sərhədi xəttinin müəyyən olunması ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlərin və kartoqrafik materialların tədqiq edilməsi və dəyərləndirilməsi haqqında razılığa gəliblər.

Tərəflər Komissiyaların növbəti iclasının Tbilisi şəhərində keçirilməsini razılaşdırıblar. Xəbəri Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidməti yayıb.

Azərbaycan və Gürcüstan arasında sərhəd SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq dövlət komissiyaları yaradılıb və indiyədək komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 kilometrlik Azərbaycan - Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 kilometrlik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Bu il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət edib. Bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil olub. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.

Son günlər Gürcüstandan bir qrup insan "Keşikçidağ" mağara-kilsə kompleksi ilə bağlı iddialar irəli sürüb, sərhəd ərazisinə gələrək gərginlik yaratmağa cəhd edib.

Azərbaycan "Keşikçidağ" mağara-kilsə kompleksindəki tarixi abidələri dövlət səviyyəsində qoruma altına alıb. Bu məqsədlə hələ 2007-ci ildə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

XS
SM
MD
LG