Accessibility links

Azərbaycan və İran sərhəd təhlükəsizliyi məsələlərini müzakirə edib


Yanvarın 9-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi arasında görüş olub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, görüş İranın Biləsuvar şəhərində keçirilib.

Məlumatda bildirilir ki, tərəflər sərhəd təhlükəsizliyinin təminatı məsələləri, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya ilə mübarizə sahəsində sərhəd-mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir mübadiləsi aparıb.

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan-İran sərhədində
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan-İran sərhədində

“Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili məqsədilə görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub,” DSX -nin məlumatında deyilir.

Azərbaycanın sərhədlərində ən çox İranla sərhəddə insidentlər qeydə alınır. Hətta bəzən İrandan Azərbaycana sərhədi qanunsuz keçən qaçaqmalçılarla atışmalar da qeydə alınır. Sonuncu atışma hadisəsi 2018-ci ilin noyabrında baş verib. Atışma nəticəsinsdə sərhədi keçməyə cəhd edən bir İran vətəndaşı yaralanaraq saxlanılıb. Digərləri isə geri, İrana qaçıb. İnsident zamanı Azərbaycanın bir sərhəçisi də yaralanıb. Məlum olub ki, yaralanaraq saxlanılan İran vətəndaşı bundan öncə də sərhədi qanunsuz keçərkən Azərbaycan tərəfindən saxlanılıb və sonra İran tərəfinə təhvil verilib. Hadisə yerinə hətta Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev baş çəkib.

Eyni zamanda Azərbaycanın hüquq mühafizə orqanları hər il yüz kiloqramlarla İranda qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklər aşkar edərək götürür.

Xatırladaq ki, ABŞ İrana qarşı sanksiyalarını sərtləşdirdikdən sonra həm də İran və Azərbaycan rəsmiləri arasında təhlükəsizlik təminatı ilə bağlı artıq ikinci görüş keçirilib.

Belə ki, bundan öncə 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Bakıda səfərdə olub.

İlham Əliyev və Seyid Mahmud Ələvi
İlham Əliyev və Seyid Mahmud Ələvi

Cənab Ələvi bildirib ki, İran və Azərbaycan kəşfiyyat və təhlükəsizlik agentlikləri arasında yaxşı əməkdaşlıqlar mövcuddur. Onun sözlərinə görə, son 5 ildə İran və Azərbaycanın təhlükəsizlik agentlikləri müsbət, konstruktiv və irəliyə doğru əməkdaşlıqlara malik olub və bu da hər iki ölkə üçün davamlı təhlükəsizliyə təminat verir.

“İran və Azərbaycanın təhlükəsizlik xidmətləri müxtəlif sahələr, o sıradan beynəlxalq terrorizm, mütəşəkkil cinayətlər, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə və informasiya mübadiləsində əməkdaşlıq edir,” İRNA agenltiyi Seyid Mahmud Ələvidən sitat gətirib.

XS
SM
MD
LG