Accessibility links

Azərbaycan və Oklahoma ştatı kənd təsərrüfatı nazirləri onlayn formatda görüşüb


ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov və ABŞ-ın Oklahoma ştatının kənd təsərrüfatı katibi Bleyn Artur arasında onlayn görüş keçirilib.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, Azərbaycanın ABŞ-dakı səfiri Elin Sülyemanov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının direktoru Caydev Sinx və USACC-nin Direktorlar Şurasının sədri Reza Vəziri iştirak edib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, görüş zamanı nazirlər Azərbaycan və Oklahoma ştatının kənd təsərrüfatında hazırkı vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparıblar.

İnam Kərimov Azərbaycanda hökumətin görmüş olduğu qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğunu bildirib.

Öz növbəsində Bleyn Artur pandemiyanın ştatın kənd təsərrüfatına təsiri barədə nazir İnam Kərimovu məlumatlandırıb.

Tərəflər qlobal pandemiya kimi çətin dövrlərdə kommunikasiya xətlərinin açıq saxlanılması barədə razılaşıb və tərəfdaşlıq əlaqələrinin spesifik layihələrlə, xüsusilə kənd təsərrüfatında təhsil sahəsində layihələrlə gücləndirməyə hazır olduqlarını ifadə edib.

Səfirlər Li Litzenberger və Elin Sülyemanov Azərbaycanla Oklahoma ştatı arasında tərəfdaşlığa, eləcə də ötən il Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında yaranmış əlaqələrə davamlı dəstəklərini bir daha vurğulayıb.

Görüş ABŞ-Azərbaycan Ticarət Palatası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyası (USAID/Azərbaycan) arasında ötən ilin aprel ayında imzalanmış tərəfdaşlıq sənədi çərçivəsində təşkil edilib.

Ötən il USACC, USAID/Azərbaycan, Oklahoma ştatının Ticarət və Kənd Təsərrüfatı Nazirliklərinin təşkilatçılığı ilə birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu təşkil edilib. Kənd Təsərrüfatı naziri İnam Kərimovun başçılığı ilə 18 şirkət və təşkilatdan ibarət ticarət missiya forumda iştirak etmək üçün Oklahoma ştatına səfər edib. Üç gün davam edən foruma 100-dən artıq kənd təsərrüfatı mütəxəssisi və özəl sektor nümayəndələri qatılıb.

XS
SM
MD
LG