Accessibility links

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ ətrafında yaranmış durumu müzakirə edib


Aprelin 1-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub.

“Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib. Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib,” məlumatda qeyd edilir.

Telefon danışığı zamanı ikitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib.

Rusiya prezidentinin rəsmi internet saytı da eyni məzmunlu məlumat yayıb.

Qeyd edək ki, iki gün öncə Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla da telefon danışığı olub.

Bu gün prezident İlham Əliyevin Bakıda Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukla görüşü zamanı da üçtərəfli işçi qrupun apardığı işlər diqqət mərkəzində olub.

“Bildiyimə görə, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib. Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır,” Əliyev qeyd edib.

Aleksey Overçuk isə deyib ki, işçi qrupun işində müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyir.

“Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb,” o qeyd edib.

Bu gün həmçinin Dağlıq Qarabağdakı Riusiya sülhməramlıların komandanı Rüstəm Muradov Yerevanda Ermənistanın Baş Qərargah rəisi Davtyanla görüşüb.

Müşahidəçilərin firkincə, görüşlərin diqqət mərkəzində Dağlıq Qarabağdakı erməni sialahlılarının təmizlənməsi və kommunikasiyaların açılması olub.

Sabah, aprelin 2-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrılıqda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü gözlənilir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG