Aprelin 26-da Pekində Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü olub.
Azərbaycanın dövlət agentliyinin məlumatına görə dövlət başçıları əvvəlcə çıxış ediblər.
Rusiya prezidenti Vladimir Putin deyib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr inkişaf edir.
“Biz hətta sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq", -Vladimir Putin deyib.
Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir.Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev də qeyd edib ki, münasibətlərin inkişafından çox məmnundurlar:
"Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəliləməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir…”.
Putin əlavə edib ki, keçən il əmtəə dövriyyəsi 14 faiz artıb və 2.5 milyard dollara çatıb:
Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirəkRusiya prezidenti Vladimir Putin
“Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək”.
Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlıq məsələlərindən bəhs edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.
Xəbərdə qeyd edildiyinə görə, prezident Vladimir Putin bəyan edib ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.
Azərbaycan prezidenti Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirib.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
Aprelin 26-da Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb.
Məlumata görə, foruma 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri qatılıblar.
Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti bu forumda iştirak üçün aprelin 24-də Çinə səfər edib.