Accessibility links

Azərbaycan və Rusiya Xarici işlər nazirləri münaqişədən sonrakı inkişaf məsələlərini müzakirə edib


Iyunun 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliynin məlumatında deyilir ki, nazirlər bölgədə mövcud olan cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Telefon danışığı zamanı, həmçinin bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib və bu xüsusda, üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyəti vurğulanıb.

Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, telefon söhbətində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdikləri razılaşmaların, o cümlədən Dağlıq Qarabağda humanitar vəzifələrin həllinə dair razılaşmaların həyata keçirilməsi müzakirə edilib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, xüsusən Dağlıq Qarabağda humanitar vəzifələrin həllinə dair razılaşmaların həyata keçirilməsi kontekstində bir sıra mövzulara toxunulub. Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrupunun regionun münaqişədən sonra inkişafına əhəmiyyətli töhfə verdiyi vurğulanıb,” Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Bununla yanaşı, son aylarda Azərbaycan-Ermənistan sərhədində delimitasiya ilə bağlı hərbçilər arasında insidentlər qeydə alınıb.

Ekspertlər Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərində bu ölkənin Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan qalib gəldikdən sonra danışıqlarda irəliləyişlərin olacağını qeyd edir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG