Accessibility links

Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi sahədə əməkdaşlıq sazişi imzalayıb


Azərbaycan və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin baş qərargah rəisləri Nəcməddin Sadıkov və Faiyad bin Hamed Al Rovail

Aprelin 7-də Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycan və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin baş qərargah rəisləri Nəcməddin Sadıkov və Faiyad bin Hamed Al Rovail imzalyıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və bu ölkənin baş qərargah rəisinin görüşündə iki ölkə orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan öncə 2018-ci il fevralın 6-da Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin generalı Əli bin İbrahim Fəvvazın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda olub. Azərbaycan müdafiə naziri Zakir Həsənov isə 2017-ci il aprelin 4-də Səudiyyə Ərəbistanına səfər edib.

Səfərlər zamanı iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin fevralın 24-də qurulub. İki ölkə arasında iqtisadi, siyasi, mədəni və idman sahələrində əlaqələrlə bağlı sənədlər mövcuddur.

XS
SM
MD
LG