Accessibility links

Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər keçirəcək


Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycanda hər iki ölkənin quru qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və Hava Hücumundan Müdafiə vasitələri cəlb ediləcək.

Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, iyulun 29-dan avqustun 10-dək hərbi aviasiya vasitələrinin iştirakı ilə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək.

Ümumilikdə iki ölkə arasında mütəmadi olaraq hərbi təlimlər keçirilir. Onların arasında illik hərbi əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə "TurAz Qartalı - 2017" və "TURAZ Şahini - 2018" birgə taktiki-uçuş təlimləri var.

2019-cu ilin iyulunda "Sarsılmaz qardaşlıq-2019", həmin ilin mayında “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri olub.

XS
SM
MD
LG