İyunun 28-də Bakı yaxınlığında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin "Mustafa Kamal Atatürk-2021" adlı birgə döyüş atışlı taktiki təlimi başlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimlər iyunun 30-dək davam edəcək. Təlimlərə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb ediləcək.
Təlimlərdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordu bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Ümumilikdə Azərbaycan Ordusu bu il Türkiyə Ordusu ilə birgə intensiv olaraq təlimlər keçirir.
Belə ki, fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri olub.
Martın 27-də Azərbaycan və Türkiyə Ordusunun “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” birgə təlimləri keçirilib.
Aprelin 6-dan 8-dək Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirilib.
Mayın 22-də Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim olub.
Azərbaycan hərbçilərinin növbəti birgə təlimi mayın 24-də olub. Hərbçilər Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “iyunun 21-dən 23-dək keçirilən Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak edib.
İyunun 21-dən 23-dək Azərbaycanın Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları birgə taktiki-xüsusi təlimi keçirib.