Accessibility links

Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edəcək


Azərbaycan Milli Məclisi fevralın 1-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanun qəbul edib.

Qanuna əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq 90 gün müddətində vizadan azad səyahət etmək hüququna malikdirlər. Bir ölkənin ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən digər ölkə vətəndaşı yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı 60 gün daha çox etibarlı olan pasportla müraciət etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi səsnəd imzalanan zaman bildirib ki, bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq.

"Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir. Vurğulamaq istərdik ki, Azərbaycan öz tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün müqavilə imzalayıb," Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib.

XS
SM
MD
LG