Accessibility links

Azərbaycan və Türkiyə xarici işlər naziri Əfqanıstan ilə bağlı danışıblar


Çavuşoğlu və Bayramov
Çavuşoğlu və Bayramov

Avqustun 16-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Hər iki nazir telefon danışığı zamanı həmçinin Əfqanıstanda türkiyəli və azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.

Azərbaycan Müdafiə Nazirliyi də avqustun 15-də Əfqanıstanda Azərbaycan sülhməramlıları ilə bağlı açıqlama verib.

“Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir”, Nazirliyin Facebook səhifəsində verilmiş məlumatda bildirilir.

Hazırda Əfqanıstanda Azərbaycanın 120 sülhməramlısı, 2 hərbi həkimi və 6 qərargah zabitinin olduğu bildirilir.

Bu ilin mayında Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində Əfqanıstanda fəaliyyət göstərən sülhməramlı kontingentini Əfqanıstandan çıxarmağı planlaşdırır. Bununla yanaşı, nazirlik Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılma vaxtını dəqiqləşdirməyib.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva Amerikanın səsinə bildirib ki, hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub. Təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:

"Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə, öz fəaliyyətini davam etdirir".

Rəsmi statistika olmasa da, müşahidəçilər Əfqanıstanda Azərbaycan vətəndaşlarının investisiyalarının olduğunu bildirir.

Rəsmi statistik məlumatlara görə, Azərbaycanla Əfqanıstan arasında 2021-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi 30,69 milyon dollar olub.

Azərbaycanın ixrac etdiyi məhsullar əsasən reaktiv mühərriklər üçün kerosin yanacağı, yüngül distilyatlar, qazoyllar, butan qazı, şəkər və saxaroza, süd və qaymaq məhsullarıdır.

Azərbaycan Əfqanıstandan qurudulmuş ərik, plastik kütlədən hazırlanmış digər məmulatlar idxal edir.

Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 16 noyabr 1994-cü ildə qurulub. Əfqanıstanın Azərbaycanda səfirliyi 2012-ci ilin noyabr ayından fəaliyyət göstərir. Azıərbaycanın isə, Türkmənistandakı səfiri, həm də Əfqanıstanda səfir vəzifəsini yerinə yetirir.

Azərbaycan ilə Əfqanıstan arasında indiyədək 15 sənəd imzalanıb.

Prezident Məhəmməd Əşrəf Qani 1 dekabr 2017-ci il “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci Nazirlər Toplantısında iştirak üçün Azərbaycana səfər edib.

Hər iki ölkənin parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Əfqanıstan rəsmiləri Azərbaycanda müxtəlif sahələr üzrə çoxsaylı təlim proqramlarına qatılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG