Accessibility links

Azərbaycan və Türkmənistan Xəzərdəki mübahisəli yataqla bağlı razılığa gəlib


Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Öz növbəsində Türkmənistan hökumətinin rəsmi internet saytında da bu barədə məlumatı yayılıb.

Məlumata görə, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldığı imzalanma mərasimində Memorandumu Aşqabadda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıb.

Azərbaycan və Türkəminstan arasında anlaşma memerandumu imzalanıb
Azərbaycan və Türkəminstan arasında anlaşma memerandumu imzalanıb

Bu yataq uzun illərdir Bakı və Aşqabad arasında mübahisə predmeti idi.

Azərbaycan yatağın (Azərbaycan yatağı Kəpəz adlandırıb) şərikli işlənməsini təklif etsə də, Türkmənistan onu özününkü hesab edirdi və "Sərdar" yatağı adlandırıb.

Sovet dövründə yataq şərikli işlənib və dənizdə milli sektorlarının qovşağında yerləşdiyi bildirilib.

1997-ci ildə Azərbaycan yatağın Rusiyanın “Lukoyl” və “Rossneft” şirkətlərilə işlənməsinə dair saziş imzalayıb. Lakin Türkmənistanın etirazından sonra sövdələşmə baş tutmayıb.

1998-ci ildə Türkmənistan yatağın işlənməsi üzrə Amerikanın “Mobil” şirkəti ilə müqavilə bağlamağa cəhd edib. Lakin Bakının təhdidlərindən sonra amerikalılar geri çəkilib.

Daha sonra Azərbaycan və Türkmənistan dənizin dibinin milli sektorlara bölünməsi ilə bağlı məsələlər razılaşdırılanadək yataqda heç bir iş görməmək barədə razılığa gəlib.

Son illər Bakı və Aşqabad arasında əlaqələr intensivləşib, onlar Xəzərdə kompromislərə və əməkdaşlığa hazır olduqlarını bildirib. Bu, Türkmənistan qazının birgə işlənməsi və Azərbaycan vasitəsilə Avropaya nəqlinə aiddir.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə deyib ki, yeni imzalanan anlaşma hər iki ölkə arasında kifayət qədər ciddi perspektivlər açır.

“Azərbaycanla Türkmənistan arasında uzun illərdir ki, bir neçə yatağla bağlı Xəzər dənizində mübahisəli vəziyyət yaranmışdı. “Kəpəz “(Dostluq) (Sərdər –red) yatağı ilə bağlı. Bu yataqların gələcək işlənməsi ilə bağlı ümumi razılığa gəlmək mümkün olmurdu. Çünki Xəzərin bölünməsi problemi var idi. İndi Xəzərin 5 sahilyanı ölkələrlə bağlı dənizin dibinin bölünməsi prosesi başa çatdı. Bu imzalanmış saziş kifayət qədər ciddi bir perspektivlər açır. Çünki bu birgə yataqların işlənilməsi Azərbaycan və Türkmənistan tərəfindən 50-50 faiz işləniləcək çox böyük ehtimalla. Türkmənistana da yatırımlara ehtiyac var. Türkmənistan iqtisadi cəhətdən çox ciddi problemlər yaşayır və onun yataqları həm hüquqi olaraq, həm iqtisadi olaraq təkbaşına istismar etməsi mümkün deyil. Azərbaycanla birgə razılaşmaya gəlməsi həm Azərbaycanın təcrübəsindən istifadə edərək xarici investorların ora cəlb olunmasına, yeni yataqların işlənməsi üçün yeni texnologiyaların cəlb olunmasına şərait yaradacaq. Türkmənistanın bu imkanları yox idi. Azərbaycanın isə belə imkanları var, təcrübəsi var. Həm də Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər var. Kifayət qədər perspektivli müqavilədir. Amma realizə olunması zamana bağlı olacaq.Yəqin ki , bir neçə il kəşfiyyat, platformaların qurulması işləri aparılacaq. Amma ümumilikdə kifayət qədər cəlbedici və hər iki ölkəyə xeyir verəcək razılaşmadır. Hətta gələcəkdə həmin yataqlardan neftlə yanaşı qaz kondensatı çıxması da gözlənilir. Həmin qazın Azərbaycana nəqli oradan isə Bakı-Tbilisi-Ərzurum vasitəsilə TANAP, TAP layihələri vasitələri ilə Avropaya çatdırılması da gözlənilir və bu saziş çox güman ki, Avropa Birliyi ölkələri tərəfindən müsbət qarşılanacaq. Çünki uzun illərdir belə bir anlaşmanın olmasında onların da marağı var,” ekspert qeyd edib.

XS
SM
MD
LG