Accessibility links

Azərbaycan vətəndaşı bir ay ərzində başqa ölkənin vətəndaşı olduğunu xəbər vermədikdə cinayət məsuliyyəti daşımayacaq


“Başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının 1 ay müddətində bu barədə məlumat verməməsi artıq cinayət məsuliyyətinə səbəb olmayacaq. Bu şəxslər 1 aylıq müddətin keçməsinə baxmayaraq, artıq heç bir əlavə narahatlıq olmadan məlumat verə bilərlər. Məlumat Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsilə elektron qaydada göndərilə bilər."

Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov prezident İlham Əliyevin imzaladığı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun barədə açıqlama verərkən bildirib.

Prezidentin imzaladığı yeni qanuna əsasən başqa ölkənin vətəndaşlığını qəbul etmiş Azərbnaycan vətəndaşları bundan sonra bir ay müddətində xəbər verməsə cinayət məsuliyyəti daşımayacaq.

“Azərbaycan vətəndaşlığı haqqında“ qanunun 10-cu maddəsinin bundan əvvəlki redaksiyasında deyilirdi ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Belə ki, 2014-cü il iyulun 1-dən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan vətəndaşı bir ay ərzində bu barədə məlumat verməsə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırdılar.

Həmçinin, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün də əsas hesab edilir.

Prezidentin imzaladığı yeni qanunla cinayət məsuliyyəti aradan qaldırılıb.

Milli Məclis aprelin 17-də “Azərbaycan vətəndaşlığı haqqında “ qanununun 10-cu maddəsinə dəyişiklik edib. Yenilik 2020-ci il mayın 1-dən qüvvəyə minib.

Düzəliş belə redaksiyada qəbul edilib: “Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir”.

Şərhlərə bax

XS
SM
MD
LG