Accessibility links

Azərbaycan vətəndaşı minaya düşüb


Yanvarın 1-də Füzuli rayonu ərazisində Azərbaycan vətəndaşı Zabil Babayev piyada əleyhinə minaya düşüb, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub.

Azərbaycan Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin (DİN) və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) birgə məlumatında deyilir ki, dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunan ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalır.

Baş Prokurorluq, DİN və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.

ANAMA bildirir ki, bu il 21-31 dekabr tarixlərində işğaldan azad edilmiş ərazilərdə 243 ədəd partlamamış hərbi sursat (PHS), 18 ədəd bombacıq, 35 ədəd piyada əleyhinə mina, 86 ədəd tank əleyhinə mina, 37 ədəd tank əleyhinə minanın partladıcısı, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 314 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.

Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 31 dekabr tarixlərində 1 619 ədəd partlamamış hərbi sursat (PHS), 4 542 ədəd piyada əleyhinə mina, 1 430 ədəd tank əleyhinə mina, 1 912 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 437 ədəd 9N235 bombacıqları, 20 988 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 938 ədəd partlamış raket hissələri aşkar olunub.

Ekspertlər münaqişə zonasında 50 mindən 100 minədək mina basdırıldığını güman edir. Onlar minaların ən çox Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində olduğunu düşünür. Döyüşlərin getdiyi ərazilərdə, hazırda Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyinin, Azərbaycan Ordusunun nəzarətində olan hissəsində isə ANAMA, Azərbaycan Müdafiə Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyinin minatəmizləyənləri işləyir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG