Accessibility links

Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səfər edir


Azərbaycan pasportu

Azərbaycan vətəndaşları dünyanın 67 ölkəsinə vizasız səfər edə bilir, bu, bir il əvvəl olduğundan 1 ölkə çoxdur.

Bu barədə Henley & Partners şirkətinin yanvarın 7-də açıqladığı Pasportlar İndeksində deyilir.

Henley & Partners şirkəti 200 dövlətin viza qaydalarını təhlil edən və vizasız girişə icazə verilən ölkələrin sayını müəyyən edən yenilənmiş Pasportlar İndeksini dərc edib.

Ardıcıl olaraq 3 ildir Yaponiya indeksdə birinci yeri tutur. Bu ölkənin vətəndaşları vizasız (və ya ölkəyə gəldikdən sonra viza almaqla) 191 dövlətə səfər edə bilir, bu da bir il əvvəl olduğundan bir ölkə çoxdur.

Sinqapur 190 ölkə göstəricisi ilə 2-ci yeri qoruyub saxlayıb. Cənubi Koreya bir ildə bir bənd geriləyib və indi Almaniya ilə birlikdə 3-cü yeri (189 istiqamət) tutur.

ABŞ və Böyük Britaniya reytinqdə geriləməyə davam edir. Bir il ərzində onlar 6-cı mövqedən 8-ci mövqeyə keçib (184 vizasız ölkə). Beş il əvvəl hər iki ölkə indeksdə birinci yeri tuturdu. Finlandiya və İtaliya 188 ölkə, Danimarka, Lüksemburq və İspaniya 187 ölkə göstəricisi ilə 5-ci yeri bölüşür. İndeksin tarixi uğuru BƏƏ-nin stabil yüksəlişidir. Son 15 ildə ölkə 47 sətir yüksəlib və hazırda 171 vizasız ölkə göstəricisi ilə 47-ci yeri tutur.

Əfqanıstan əvvəlki kimi indeksin autsayderidir. Ölkə vətəndaşları cəmi 26 ölkəyə vizasız səfər edə bilir.

Azərbaycan iki sətir geriləyib və 74-cü yerdən 76-cı yerə keçib. Eyni zamanda, Azərbaycan vətəndaşları dünyanın 67 ölkəsinə vizasız səfər edə bilir, bu, bir il əvvəl olduğundan 1 ölkə çoxdur. Filippin də eyni göstəriciyə malikdir. Bir il ərzində Azərbaycan Pakistan, Seneqal və Serbiyaya vizasız səfər etmək hüququ əldə edib, amma eyni zamanda, Benin və Cibuti ilə vizasız səfər haqqını itirib.

Henley & Partners şirkətinin əvvəllər Viza Məhdudiyyətləri İndeksi kimi məşhur olan Pasportlar İndeksi yerdəyişmə azadlığı səviyyəsinə görə ölkələrin beynəlxalq reytinqidir. İndeks 2006-cı ildən etibarən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birlikdə dərc olunur.

Şərhlərə bax

XS
SM
MD
LG