Bu gün, dekabrın 14-də Azərbaycan vətəndaşları olan əsir və girovlar, o cümlədən “2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib.”
Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr üçtərəfli Bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirir.
“Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunub, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb və digər hüquqları təmin edilib.
Həmçinin müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılıb və bütün mümkün başqa tədbirlər həyata keçirilib.
Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib,” məlumatda deyilir.
Öz növbəsində, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan bildirib ki, bu gün erməni əsirlərinin bir qrupu Yerevana gətiriləcək.
Dilqəm Əsgərov və Şahbaz Quliyev, həmçinin Həsən Həsənov 2014-cü il iyunun 29-da Azərbaycanın ermənilərin nəzarətində olan Kəlbəcər rayonuna gediblər. Onlar bildiriblər ki, məqsədləri doğmalarının məzarlarını ziyarət etmək olub. Lakin ermənilərin əlinə keçiblər. Atışma zamanı Həsən Həsənov öldürülüb, Dilqəm Əsgərov və Şahbaz Quliyev əsir götürülüb.
Erməni tərəfi bildirib ki, onlar erməni gənci və Ermənistan ordusunun zabitini öldürüblər.
Məhkəmə Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Hər iki şəxs ittihamı qəbul etməyib və anadan olduqları Kəlbəcər rayonuna yaxınlarının məzarını ziyarət etmək üçün getdiklərini bildirib.