Accessibility links

Azərbaycan vətəndaşları minaya düşüb, bir nəfər həlak olub


Piyada əleyhinə mina

Dekabrın 13-də Azərbaycan Müdafiə Nazirliyinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri Toğrul Əhmədov və Elçin Məmmədov Elçin Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüblər. Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətləri birgə məlumat yayıb.

"Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, “işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini” xahiş edir.

Hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin noyabrın 10-da imzaladığı birgə bəyanatdan sonra on nəfərdən çox Azərbaycan vətəndaşı, həmçinin bir Rusiya sülhməramlısı və bir neçə erməni hərbiçisi mina qurbanı olub.

Ümumilikdə isə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi əməliyyatları davam etdirilir. Bu əməliyytalar həm Rusiya sülhməramlıları, həm də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməısi üzrə Milli Agentlik tərəfindən aparılır.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin cəbhəboyu ərazilərdə keçirilən təcili təxirəsalınmaz əməliyyatlar barədə məlumatında deyilir ki, dekabrın 10-dan 13-dək münaqişə zonasındakı Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisində 11 ədəd partlamamış hərbi sursat (PHS), 84 ədəd tank əleyhinə mina, 68 ədəd piyada əleyhinə mina və 50 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən son üç gündə 137 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.

Məlumatda deyilir ki, ümumilikdə agentlik tərəfindən 27 sentyabrdan dekabrın 13-dək 1 239 ədəd partlamamış hərbi sursat (PHS), 4 475 ədəd piyada əleyhinə mina, 1 304 ədəd tank əleyhinə mina, 1 826 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 411 ədəd 9N235 bombacıqları, 20 704 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 568 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 838 ədəd partlamış raket hissələri aşkar olunub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin verilən məlumatında isə bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin hərbçiləri tərəfindən 4800-dən çox partlayıcı maddə zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 13-də sülhməramlılar Stepanakertdəki (Xankəndi) hava limanı ərazisində mühəndis kəşfiyyatı və minalardan təmizlənməsi işlərini həyata keçirib. Binalarda, yolllarda və hava limanına bitişik ərazilərdə partlayıcı maddələrin axtarışı aparılıb.

Gün ərzində 8 hektara yaxın ərazi, 7 kilometr yol örtüyü təmizlənib, 50 bina araşdırılıb, 51 partlayıcı maddə aşkar edilərək məhv edilmək üçün çıxarılıb.

Ümumilikdə Rusiya mühəndis bölmələri Qarabağdakı 155 hektardan çox ərazini, 38 kilometrdən çox yolu, 375 yaşayış binasını təmizləyib, 4811 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

Ekspertlərin hesablamalırına görə, Dağlıq Qarabağ münaqişəsininn başladığı 1988-ci ildən indiyədək münaqişə zonasında 50 mindən 100 minədək mina basdırılıb. Minaların daha çox ön cəbhə xəttinin yerləşdiyi Tərtər, Ağdam və Füzuli istiqamətlərində basdırıldığı güman edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG