Accessibility links

Azərbaycan vətəndaşları tank əleyhinə minaya düşüb


Fevralın 18-də Azərbaycan vətəndaşları Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasov tank əleyhinə minaya düşüb

Tərtər rayon Prokurorluğunun fevralın 19-da yaydığı məlumata görə hadisə Tərtər rayonunun Azərbaycanın nəzarətinə keçmiş Talış kəndi ərazisində olub.

Hadisə nəticəsində onlardan bir nəfərin həlak olduğu vurğulanır.

Məlumata görə, bu, aparılmış istintaqla müəyyən edilib. Kriminalistlərin məhkəmə-tibbi ekspertlərinin iştirakı ilə hadisə yerinə keçirdikləri baxış zamanı orada meyit fraqmentləri aşkarlanıb:

"...Hadisənin şahidi olmuş Elşən Abbasov dindirilib".

Məlumatda bildirilir ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100-2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma) və başqa maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti 2020-ci il noyabrın 10-dan minaya düşən ölkə vətəndaşlarının statistikasını açıqlayıb.

Fevralın 9-da yayılan məlumatda həmçinin ölkə vətəndaşlarına Azərbaycanın nəzarətinə keçmiş ərazilərə icazəsiz getməmələri ilə bağlı xəbərdarlıq edilir.

Açıqlamada qeyd edilir ki, belə icazəsiz səfərlərin nəticəsində bu ərazilərdə insanlar minaya düşərək həyatlarını itirir, bədən xəsarətləri alırlar:

"10 noyabr 2020-ci il tarixindən hazırkı vaxtadək azad edilmiş ərazilərdə 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub. 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

Məlumata görə, minalardan təmizləmə işi başa çatmadan o ərazilərə səfər edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlarda 30 ildən artıq davam edən münaqişədə 90-cı illərin əvvəllərindən sonra ən ciddi hərbi toqquşmalar olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.

Döyüş gedən ərazilərin ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyi, Azərbaycan Ordusunun nəzarətində olan hissəsində isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, Azərbaycan, Türkiyə və Rusiya Müdafiə Nazirliklərinin minaaxtaranları işləyir.

Hərbi ekspert, Azərbaycan Ordusunun keçmiş korpus komandiri Şair Ramaldanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, münaqişə gedən ərazidə basdırılan minaların miqdarını və növünü demək mümkün deyil.

“Minalar daha çox düzənlik ərazilərdə basdırılıb,” o, qeyd edib.

Bununla yanaşı, döyüş zonasında on minlərlə partlamamış döyüş sursatları qalmaqdadır.

Şərhlərə bax

XS
SM
MD
LG