Accessibility links

Azərbaycan vətəndaşlarının xarici səfərlərdən çəkinməsi tövsiyə edilir


“Dünyada COVİD-19 infeksiyasının geniş yayıldığını və qlobal müstəvidə bu xüsusda təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, o cümlədən bəzi ölkələrdə fövqəladə vəziyyətin elan olunduğunu diqqətə alaraq, Azərbaycan vətəndaşlarından xarici səfərlərdən çəkinmələrini və yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələrini ciddi şəkildə tövsiyə edirik.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yeni növ təhlükəli koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan vətəndaşlarına xəbərdarlığında deyilir.

Nazirlik vətəndaşlardan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu xüsusda yaydığı məlumatlar ilə tanış olmalarını və ÜST-ün yeni koronavirustan qorunmaq üçün tövsiyələrinə əməl etmələrini xahiş edir.

“Xarici ölkələrdəki vətəndaşlarımızdan hazırda olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri, bu ölkələrdəki Azərbaycanın səfirlik və konsulluqlarının yaydığı məlumatları izləmələrini və üzləşdikləri hər hansı problemlə bağlı diplomatik nümayəndəliklərimiz ilə əlaqə saxlamalarını xahiş edirik. Diplomatik nümayəndəliklərimizdə bu xüsusda "qaynar xət"lər fəaliyyət göstərir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün konsulluq qeydiyyatına durmaları tövsiyə olunur,” xəbərdarlıqda qeyd edilir.

Nazirlik bildirir ki, COVİD-19 infeksiyasının yayılma təhlükəsi ilə əlaqədar, Azərbaycanın bəzi ölkələr ilə hava və quru yolları ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırılıb. Bu xüsusda, xarici ölkələrdəki və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlara ölkəyə geri qayıtmaq mexanizmləri barədə əlavə olaraq məlumat veriləcək. COVİD-19 infeksiyasının yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlar müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.

XS
SM
MD
LG