“Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycanın əsas prioritetləri sırasındadır. Ölkədə davam edən islahatlar siyasi partiyalarla əsası qoyulmuş dialoq, mətbuatın inkişafına dəstək, əlilliyi olan şəxslər üçün daha yaxşı şəraitin yaradılması, qadınların və gənclərin təşviq olunması, şəffaf və səmərəli ictimai xidmətlərin miqyasının artırılması kimi geniş sahələri əhatə edir.”
Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycanın əsas prioritetləri sırasındadır.Ceyhun Bayramov, xarici işlər naziri
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentindəki çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir.
Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində deyib ki, nazir Bayramovun demokratiya, insan hüquqları, media azadlığı, siaysi partiyalarla dialoq barədə dedikləri reallığı əks etdirmir.
“Çünki Azərbaycan insan haqlarının tapdalandığı əsas ölkələrdən biridir. Ölkədə sərbəs toplaşmaq azadlığı demək olar ki, ləğv olunub. Bu, yalnız pandemiya dövrü ilə əlaqəli deyil. Pandemiya dövründən əvvəl də Bakı şəhərində kütləvi aksiyaların keçirildiyi yeganə stadionda da kütləvi aksiyaların keçirlməsinə icazə verilmirdi. Ölkədə yüzdən çox siyasi məhbus var. Onlar siyasi partiyaların, mətbuatın, vətəndaş cəmiyyətinin nümayəndələridir. Eyni zamanda söz və ifadə azadlığı boğulur. Hakimiyyətin siyasi partiyalarla dialoq mühiti adlandırdığı proses əslində cib müxalifəti ilə hakimiyyətin müəyyən dairələrinin apardığı müzakirələrdir. Bu, ölkədə real gücə və təsir imkanlarına malik olan siyasi qüvvələrin fəaliyyətini məhdudlaşdırmaq, bu fəaliyyətə kölgə salmaq, gerçək dialoqun qarşısını almaq üçün aparılan bir prosesdir. Bunu ölkədə siyasi partiyalarla dialoq şəraitinin olması kimi dəyərləndirmək qeyri-mümkündür,” o qeyd edib.
Azərbaycan insan haqlarının tapdalandığı əsas ölkələrdən biridir.Arif Hacılı, Müsavat Partiyasının başqanı
Müsavat başqanının fikrincə, Azərbaycanda insan haqlarının, demokratiyanın təmin olunması üçün ilk növbədə söz və ifadə, sərbəst toplaşmaq, seçki azadlığı təmin edilməli, siaysi məhbuslar azadlığa buraxılmalıdır.
Keçmişdə vicdan məhbusu kimi tanınan, jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə deyib ki, xarici işlər naziri faktları tərsinə təqdim edib.
“Ölkədə hələ bir dənə də müstəqil mətbuat nümunəsi yoxdur. Müstəqil çap mətbuatı ümumiyyətlə yoxdur. Telekanalların müstəqil fəaliyyətinə imkan verilmir. Adamlar Facebook-da, sosial şəbəkələrdə yazdıqları sözlərə görə təzyiqlərə məruz qalır. Ölkədə nə azad mətbuat var, nə də azad seçki var və onlarla siyasi məhbus var. Belə göstəriciləri olan ölkənin demokratiya və insan haqlarından danışması ümumiyyətlə gülüncdür,” o qeyd edib.