Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi münaqişə zamanı dağıdılmış məktəblərin yenidən tikiləcəyini bildirir


Gəncə şəhərinə raket hücumu
Gəncə şəhərinə raket hücumu

Bu gün, 9 sentyabr Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı sentyabrın 8-də yaydığı hesabatda rəsmi mənbələrə əsasən bildirir ki, 2020-c i ildə baş verən 44 günlük Qarabağ müharibəsi zamanı ikisi Ermənistan Respublikasında olmaqla erməni tərəfində 71 məktəb, Azərbaycanda 54 məktəb dağıdılıb və ziyan dəyib. Bir sıra uşaq bağçası, incəsənət və idman məktəbləri, texnikumların hücuma məruz qaldığı bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüz zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib.

“Ötən il baş vermiş 44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri qəsdən hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb,” Xarici Işlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir ki, münaqişəni geridə qoyaraq, Azərbaycan diqqətini bütün uşaqların təhsil və potensiallarından təhlükəsiz şəkildə istifadə etmələrinə yönəldib.

“Hazırda biz azad olunmuş ərazilərimizdə məktəblərimizi yenidən tikirik,” Xarici İşlər Nazirliyi bildirir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Rəsmi məlumatlara görə, azad edilmiş ərazilərdə münaqişədən əvvəl mövcud olan bütün təhsil müəssisələrinin və uşaq bağçalarının binaları dağıdılıb.

XS
SM
MD
LG