Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyinin İrana cavabı - ekspert rəyləri


Leyla Abdullayeva

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran Xarici İşlər nazirinin yerli televiziyaya müsahibəsində Azərbaycanla bağlı söylədiyi fikirlərə dair media tərəfindən verilən sualı cavablandırıb.

Leyla Abdullayevanın açıqlamasında Azərbaycanla İran arasında münasibətlərin güclü tarixi əlaqələrə, dostluğa və əməkdaşlığa əsaslandığı qeyd edilir. Lakin o, eyni zamanda, rəsmi Bakının Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddialarını qəbul etmədiyini bildirib.

"Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi", o bildirib.

Leyla Abdullayeva Azərbaycanın İran ilə sərhədinin 130 km-dən çox hissəsinin uzun illər Ermənistanın işğalı altında olduğunu əlavə edərək bildirib ki, "təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik".

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Azərbaycan bütün dövlətlərlə münasibətləri məhz bir-birlərinin beynəlxalq sərhədlərinə hörmət əsasında qurulmasının tərəfdarıdır.

"Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır" - deyə, o bildirib.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bundan öncə İran mediasına verdiyi müsahibədə keçən il Qarabağda döyüşlər zamanı "terrorçu qrupların regiona köçürülməsi" ilə bağlı Tehranın narahatlıqlarını ifadə edib və "sinonist rejimin bu fürsətdən istifadə etdiyini" deyib. İran rəsmiləri bundan öncə də müharibə zamanı "regiona Suriyadan gətirilən terror hərəkatları" ilə bağlı narahatlıqlarını bildirərək, bununla keçən il müharibə zamanı Türkiyənin Azərbaycana Qarabağ müharibəsi zamanı kömək məqsədilə bölgəyə islamçı döyüşçülər yerləşdirdiyi ilə bağlı irəli sürülmüş iddialara işarə ediblər. Rəsmi Ankara və Bakı bu iddiaları dəfələrlə rədd edib.

Son zamanlar Azərbaycan rəsmilərinin İrana məxsus yük maşınlarının onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşımasını bəyan etməsi Azərbaycan və İran arasında gərginliklərin daha da armasına səbəb olub. Bununla bağlı İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim edilib.

“Qarabağa hər hansı yük yalnız Azərbaycanın razılığı olduğu zaman verilə və ya göndərilə bilər. İranın isə bizə qarşı ciddi təzyiq imkanları yoxdur" - deyə, Azərbaycanın siyasi təhlilçisi Azər Qasımlı bildirib. Onun sözlərinə görə, iqtisadi olaraq Azərbaycan İrana bağlı və asılı deyil. Azər Qasımlı diqqəri İranın hazırda beynəlxalq ictimiayyətdən təcrid edilmiş vəziyyətdə olduğuna və sanksiyalar altında olduğuna diqqət çəkir.

"Ona görə İranın bu güc nümayişi mənasızdır. Daxildə də öz təsir agentləri vasitəsilə vəziyyəti gərginləşdirə bilməyəcəklər, çünki biz sekulyarıq (bütün siyasi qüvvələr və ictimai təşkilatlar) və yalnız Azərbaycan cəmiyyətinin etirazına səbəb olacaqlar. İranın ciddi siyasi rıçaqları yoxdur. Şiə faktoru keçərli olmayacaq bir sözlə. Belə olan təqdirdə biz çəkinmədən öz maraqlarımıza uyğun hərəkət etməliyik. Yəni Qarabağa İran tırlarının giriş-çıxışını istədiyimiz kimi nəzarətə götürməliyik. İran tərəfi ilə bu problemin həlli üçün danışıqlara başlamalıyıq. Danışıqlardan nəticə çıxmasa hətta yolu bağlayaraq ərazimizdən keçidi qadağan etməliyik”, Azər Qasımlı bildirib.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan son zamanlar Azərbaycan ilə İran arasında yaranmış gərginliyin azalacağı və diplomatiyanın güclənəcəyinə inandığını bildirib.

"Bütün bunlar müxtəlif bəyanatlarla davam edəcək. Çünki İran özünə haqq qazandırmaq istəyir. Ermənistana yardım etməkdə özünü haqqlı hesab eləsin.Ona görə ki, Azərbaycan İsrail ilə əməkdaşlıq edir. İsrail ilə Ermənistan da əməkdaşlıq edir. İsrailin Ermənistanda, Ermənistanın da İsraildə səfirliyi fəaliyyət göstərir. Ermənistan da İranla sərhəddə yerləşir. Bu, bəhanədir. Bu bəyanatlar, gərginlik bir müddət sonra azalacaq və diplomatlar fəaliyyət göstərəcək. İran sadəcə regionda yaranmış yeni şəraitə uyğunlaşa bilmir”, təhlilçi qeyd edib.

İran oktyabrın 1-də ölkənin şimal-qərb regionunda hərbi təlimlərə başlayıb. Bəzi müşahidəçilər İran hərbi qüvvələrinin artilleriya, dronlar və helikopterlərin cəlb edildiyi hərbi təlimlərinin İsrailin Tehranın bildirdiyi kimi Azərbaycanda nüfuzunun artması ilə əlaqədar narahatlıqları ilə izah edirlər. Hərbi manevrlər həmçinin sentyabrın 12-də Azərbaycan, Türkiyə və Pakistanın birgə təilmlərindən sonraya təsadüf edir. Bir sıra müşahidəçilərin fikrincə, NATO üzvü olan Türkiyə və Cənubi Asiyada nüvə qüdrətinə malik olan Pakistanın Azərbaycanla birgə hərbi təlimlər keçirməsi İran tərəfindən narahatlıqla qarşılanıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG