Accessibility links

Azərbaycan Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edir


Fevralın 26-da Azərbaycanda Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilir.

Azərbaycan prezidenti, hökumət üzvləri, deputatlar, diplomatik korpusların rəhbərləri, siyasi partiyaların təmsilçiləri, on minlərlə insan Bakının Xətai rayonunda Xocalı qurbanlarının faciəsini əks etdirən “Ana fəryadı” abidəsini ziyarət edib. Abidənin üzərində Xocalı faciəsi zamanı həyatını itirmiş insanların adları həkk olunub.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücuma keçib.

“Şəhərin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutulub, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfər xüsusi amansızlıqla öldürülüb, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilir
Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilir

Vəliyevin sözlərinə görə, təkcə Xocalı faciəsi istiqaməti üzrə cinayət təqibi zamanı 7500-ə yaxın prosessual hərəkətlər aparılıb, 1800-dən çox şahid və 2700-dən çoxu zərərçəkmiş qismində olmaqla, 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertiza keçirilib.

“İstintaqla, o cümlədən iş üzrə həyata keçirilən müvafiq ekspertizaların ilkin hesablamalarına əsasən, müəyyən edilib ki, Xocalının işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon 250 min ABŞ dollarından artıq məbləğdə ziyan vurulub,” Vəliyev qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb.

“Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərinin birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb,” nazirlik bildirir.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan Müdafiə Nazirlyinin məlumatına görə, münaqişə nəticəsində ölkənin 20 faiz ərazisi - Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusunun nəzarətinə keçib.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 011 azərbaycanlı itkin düşüb. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb,” rəsmi məlumatda qeyd edilir.

Erməni rəsmi mənbələri isə ermənilərin 5856 nəfər itkisi olduğunu bildirir.

Bununla yanaşı, müstəqil mənbələr münaqişə dövründə tərəflərin ümumi itkilərinin 20-25 min nəfər olduğunu qeyd edir.

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

ABŞ Dövlət Departamenti tərəflərin münaqişədə 25 min insan itirdiyini, Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçov isə hər iki tərəfin itkilərinin 18 min insan olduğunu bildirib, 25 min nəfər yaralanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

XS
SM
MD
LG