Accessibility links

Azərbaycana daha 20 ölkənin vətəndaşlarının giriş-çıxışına icazə verilib


Daha 20 ölkədən Azərbaycana giriş-çıxışa icazə verilib. İcazə verilən ölkələr bunlardır: Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanıstan.

Bu barədə Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

Qərara əsasən, avqustun 5-dən hava nəqliyyatı vasitəsilə yuxarıda göstərilən ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir.

Həmin ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycanı tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi sentyabrın 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib. İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir. İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib. Bununla yanaşı, sentyabrın 1-də ölkədə dövlət, təhsil, səhiyyə, ictimai iaşə müəssisələrinə giriş COVİD-19 pasportu ilə olacaq.

XS
SM
MD
LG