Accessibility links

Azərbaycana daha 500 000 doza vaksin gətiriləcək


Bu həftə Azərbaycana daha 500 000 doza vaksin gətiriləcək.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, daha sonra alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq.

Azərbaycanda vaksinasiya yanvarın 18-dən başlanılıb. Birinci mərhələdə tibb işçiləri vaksinasiya olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, fevralın 2-dək 62 398 tibb işçisi peyvənd olunub.

Bundan sonra 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyaya cəlb edilir.

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Rəsmi açıqlamaya görə, Azərbaycan "Sinovac" şirkətindən (Çin) 2 milyon doza "CoronaVac" vaksini alıb. Vaksinlər mərhələrlə ölkəyə gətirilir. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu, 2 milyon əhaliyə kifayət etməlidir. Azərbaycanda əhalinin 40 faizinin (4 milyon) bu prosesə cəlb ediləcəyinin gözləndiyi vurğulanıb.

Ölkədə koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva bildirib ki, əhali arasında xəstələnmə nəticəsində yaranan təbii immunitet və vaksinasiya tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70%-də formalaşarsa, epidemik proses sönəcək.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə hesab edir ki, hazırda Azərbaycanda COVİD-19 pandemiyası ilə bağlı vəziyyət stabilləşib və yumşalmalara gedildi. Lakin unudulmamaldıır ki, pandemiya nə dünyada, nə də Azərbaycanda bitməyib.

"Yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərinin tətbiqinin nəticəsidir. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Pandemiyanın dinamikası belədir. Belə ki, qapanmalara gediləndən sonra yoluxma sayları azalır, yumşaldılmaların tətbiqindən sonra isə artım qeydə alınır. Bir də yeni ştamm buraya gələrsə, yoluxma saylarında daha sürətli artım ola bilər. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Bu zaman vəziyyəti olduğu kimi saxlaya bilərik,” o qeyd edib.

XS
SM
MD
LG