Accessibility links

Azərbaycana gələnlər ölkədən gedənlərdən çoxdur


2018-ci ilin ilk dörd ayında ölkədən gedənlərin sayı ölkəyə gələnlərdən 441 min 400 nəfər çoxdur. İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazır ki, Gürcüstana 1 ayda gələn turistlərin sayı Azərbaycana 3 ayda gələnlər qədərdir.

İbadoğlunun Facebook səhifəsində dərc etdiyi təhlili təqdim edirik:

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 847 min 600 nəfər və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,3 faizi Rusiya, 21,9 faizi Gürcüstan, 13,4 faizi İran, 11,3 faizi Türkiyə, 4,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Ukrayna, 1,9 faizi İraq, 16,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir. Göründüyü kimi, ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yarısı Rusiya və Gürcüstan, dördə biri isə İran və Türk vətəndaşlarıdır. Amma ölkədə daha çox ərəb və farslar turist kimi diqqəti cəlb edir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Sərhəd Xidmətinin məlumatına görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 22,0 faizi yanvar, 19,6 faizi fevral, 32,7 faizi mart, 25,7 faizi isə aprel ayında ölkəyə gəlib. Maraqlıdır ki, ötən 4 ayda daha çox əcnəbi mart ayında gəlib. Görünür ki, bu Novruz bayramı ilə əlaqədardır.

O da maraqlıdır ki, ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,6 faizi dəmir yolu və avtomobil, 38,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyon 289 min nəfər olub ki, bu da ölkəyə gələn turistlərin sayından 441 min 400 nəfər çoxdur.

Azərbaycan vətəndaşlarının 31,3 faizi Gürcüstana, 27,7 faizi İrana, 21,9 faizi Rusiyaya, 12,2 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Göründüyü kimi, Avropaya və ABŞ-a gedən Azərbaycan vətəndaşların sayı çox azdır. Bunun başlıca səbəbi viza tələbinin olması və onu əldə etmək sahəsində mövcud çətinliklərlə bağlıdır.

XS
SM
MD
LG