Azərbaycanda ölkədaxili uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.
Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (və ya pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.
Eyni zamanda Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinləri “Özünütəcrid barədə bəyannamə” ilə təmin edirdilər və ölkəyə gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirdilər. Lakin artıq Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılara qoyulan bu tələb ləğv olunur və həmin bəyannaməyə ehtiyac yoxdur.
Qeyd edək ki, əvvəlki qaydalara görə Azərbaycana uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul edirdilər, sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan vətəndaşları iki həftəlik karantinə alınırdı, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmırdı və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılırdı. Yeni dəyişikliyə əsasən, bu tələblər ləğv olunub.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 958, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 258 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Amma həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərəcək.
Azərbaycanda COVID pasportu tətbiq olunur.