Accessibility links

Azərbaycanda Ümumxalq Matəm günü qeyd edilir


20 Yanvar-Matəm günü
20 Yanvar-Matəm günü

20 Yanvar - Azərbaycanda Ümumxalq Matəm günüdür, dövlət bayraqları yarıyadək endirilib.

Ölkə prezidenti 1990-cı il yanvarın 20-də həlak olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Şəhidlərin xatirəsinə ölkə ərazisində bir dəqiqə ərzində bütün hərəkət dayandırılıb, qatarlar, avtomobillər, gəmilər fit verib.

32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, 800-dən çox mülki sakin yaralanıb.

İndiyədək keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərlərindən heç kim yanvar hadisələrinə görə məsuliyyətə cəlb olunmayıb.

1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə, əmlakın qəsdən məhv edilməsi, hakimiyyət və vəzifə səlahiyyətini aşma, hakimiyyətdən istifadə etmə və aşma maddələri ilə cinayət işi başlayıb.

Ölkə parlamenti 1992 və 1994-cü illərdə yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Buna görə məsuliyyət Mixail Qorbaçov da (keçmiş Sovet İttifaqı Kommunist Partiyasının baş katibi) daxil olmaqla, keçmiş Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) rəhbərlərinin, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşüb. Eyni zamanda, hadisələr zamanı Bakıda olan SSRİ rəhbərliyinin təmsilçisi Yevgeni Primakovun adı 1994-cü il qiymətləndirilməsində günahkarların siyahısından çıxarılıb.

Faciənin 20-ci ildönümü ərəfəsində Azərbaycan Baş Prokurorluğu məlumat yayıb ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib və cinayət işini bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğular göndərilib. Lakin Rusiya tərəfi buna hələ də cavab verməyib.

Müşahidəçilər hesab edir ki, faciəyə siyasi qiymət verilsə də, hüquqi qiymət hələ də verilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bu ilki bəyanatında deyilir ki, 20 yanvar faciəsinin üzərindən 32 il keçir, lakin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətləndirmə hələ də verilməyib.

20 Yanvar-Matəm günü
20 Yanvar-Matəm günü

“Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır,” sənəddə qeyd edilir.

Azərbaycanın Ağ Partiyasının sədri Tural Abbbaslı Amerikanın Səsinə 20 yanvar hadisələrinin Ukrayna və Qazaxıstan da daxil olmaqla dərslərindən danışarkən deyib ki, Azərbaycan Rusiyadan müdafiə xarakterli planlar hazırlamalıdır.

“Rusiyanın bizim nə vaxtsa həqiqi dostumuz olacağını düşünmək olmaz. Təbii ki, Rusiaynın Azərbaycandakı 5-ci kolonunu nəzarətə almaq çox önəmlidir. Hansı ki, Qazaxıstanda da onların fəaliyyəti nəticəsində Rusiyanın üstünlüyünü gördük. Təəssüf ki, Azərbaycanda 5-ci kolon həmişə olduğu kimi hələ də güclüdür,” o qeyd edib.

Ziyarətçi Xaliq Bədəlov hesab edir ki, Rusiyaya mövcud siyasəti daxilində ümib bəsləmək olmaz. Çünki, keçmiş MDB məkanındakı münaqişələrin hamısı Rusiyaya bağlıdır.

“20 yanvar hadisəsini keçmiş sovet ordusu törədib,” o qeyd edib.

Digər ziyarətçi bildirib ki, Azərbaycan Rusiya ordusnun ərazisində olmasına heş zaman razı ola bilməz.

"Çünki qanlı qırğını Rusiya ordusu törədib."

Politoloq Fikrət Cəfərli Amerikanın Səsinə deyib ki, Azərbaycan keçmiş Rusiya imperyasının varisi olan indiki Rusiya ilə münasibətlərdə ehtiyatlı davranmalıdır.

“20 Yanvar hadisələrinin, Ukrayna və Qazaxıstan hadisələrinin tarixi dərsləri budur. MDB məkanında demokratikləşmə qaçılmazdır. Çünki avtoritar rejimlərdə hakimiyyətlər güclü ola bilmir. Avtoritar rejiimlər daxildə xalqlarını əzə bilır, amma beynəlxalq aləmdə, xüsusilə də Rusiya kimi ölkənin qarşısında tab gətirə bilmirlər. Onun üçün də Rusiya istənilən vaxt həmin ölkələrə soxula bilir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG