Accessibility links

Azərbaycanda əhalinin 54 faizi ikinci doza vaksinasiya olunub


Azərbaycanda son gün ərzində cəmi 42 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, “buster” doza ilə peyvənd olunanların sayı isə 4 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 346 min 285, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 401, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 609 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 275 nəfərdir.

Rəsmi məluatlara görə, ölkə əhalisinin artıq 54 faizi ikinci doza vaksinasiya olunub.

Azərbaycanda indiyədək ümumilikdə 617 679 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8 375 nəfər vəfat edib, aktiv xəstə sayı 8 235 nəfərdir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ölkədə koronavirusa yoluxanların 3 faizi 0-9, 8 faizi 10-19, 15 faizi 20-29, 22 faizi 30-39, 15 faizi 40-49, 14 faizi 60-69, 5 faizi 70-79, 2 faizi 80 yaşından yuxarı olanlardır. Yoluxanların 51 faizi qadınlar, 49 faizi kişilərdir. Yoluxmanın 49,9 faizi Bakı şəhərində qeydə alınıb.

Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Keçən il sentyabrın 1-dən ölkədə COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG