2021-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5 faiz azalıb. Dövlət büdcəsinin gəlirləri 9 milyard 735.2 milyon manat təşkil edib. Ötən il yanvar-may aylarında bu rəqəm 10 milyard 527.5 milyon manat olub. Bununla da ölkənin dövlət büdcəsinin profisiti 368.9 milyon manat və ya ÜDM-in 1.2 faizini təşkil edib.
Dövlət Statistika Komitəsinin digər məlumatına əsasən, göstərilən dövr ərzində ötən illə müqayisədə Azərbaycan əhalisinin da nominal gəlirləri 0.8 faiz azalıb. Qurumun məlumatına görə, həmin dövr ərzində əhalinin nominal gəlirləri 22 milyard 90 milyon manat təşkil edib.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 1.3 faiz azalaraq 2 min 207 manata düşüb.
"Bu, heç kimin günahı deyil"
İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-mart aylarında vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard 11.3 milyon manat vəsait daxil olub. Bununla da vergi daxilolmaları üzrə proqnoza 121.1 faiz əməl olunub, proqnoza nisbətən 363.9 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45.78 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 72.4 faizi qeyri-neft-qaz sektorunun, 27.6 faizi neft-qaz sektorunun payına düşür.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirir ki, büdcə və vətəndaşların gəlirlərinin azalması koronavirus pandemiyası ilə bağlıdır: "Bu, heç kimin günahı deyil. Heç bir müəssisə var gücü ilə işləyə bilməyib. Hələ indi başlayırlar mərhələ-mərhələ açılmağa".
Deputat vəziyyətin getdikcə düzələcəyini düşünür: "Sənaye parkları, xidmət obyektləri açılmağa başlayır. Bütün bunlar onu göstərir ki, ilin ikinci yarısında vəziyyət ötən illə müqayisədə nəinki düzələcək, hətta müsbət saldo yaranacaq".
"Dövlət varlanır, vətəndaşların gəlirləri azalır"
İqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna deyib ki, pandemiyanın iqtisadiyyatın daralmasına və vətəndaşların gəlirlərinin azalmasına təsiri var: "Dövlət Gömrük Komitəsinin gəlirləri 15 faiz artıb, həm də proqnozlardan fərqli olaraq vergilər bir neçə yüz milyon manat artıq toplanıb. Amma dövlət nə qədər varlanırsa varlansın, nədənsə vətəndaşların gəlirləri azalır. Bunun nə dərəcədə anormal olduğu ilk növbədə gözə çarpır".
İqtisadçının sözlərinə görə, sosial siyasətdə məhdudiyyətlər və dövlət büdcəsinə qənaət sözünü deməkdədir: "Özəl sektora məhdudiyyətlər səbəbindən bu sahədə gəlirlər azalıb, bazar məhdudlaşıb və, eyni zamanda, dövlət sektoru özəl sektorun bir çox funksiyalarını mənimsəməyə davam edir. Yəni, "Antiinhisar fəaliyyəti haqqında" Qanuna zidd olaraq dövlət orqanları müxtəlif MMC-ləri yaradaraq iqtisadi fəaliyyətlə məşğul olurlar".
"Belə ölkələrdə vətəndaşların gəlirlərinin artması mümkün deyil"
N.Bəydəmirlinin fikrincə, bütün bunları nəzərə alaraq demək olar ki, dövlət bazar iqtisadiyyatının təşəkkül tapmasında maraqlı deyil: "Belə ölkələrdəsə vətəndaşların gəlirlərinin artması mümkün deyil. Lakin bunu anlamaq lazımdır ki, fiziki şəxslərin gəlirləri nə qədər çox olursa, bir o qədər də ölkə varlı sayılır. Bizdə isə vətəndaşların ödədiyi gəlir vergisinə baxdıqda görürük ki, illər boyu bu rəqəm 800 milyon -1 milyard 200 milyon arasında cərəyan edir. Yəni, vergi strukturunda ciddi artım yoxdur".
İqtisadçı hesab edir ki, rəsmi statistika hələ yumşaq verilib: "Əslində, vətəndaşların gəlirləri kəskin azalıb".
N.Bəydəmirli bunu da qeyd edir ki, dövlət büdcəsinin gəlirlərinin ildə 45-50 faizi Dövlət Neft Fondunun transfertləridir: "Keçən il pandemiyaya görə hökumət ehtiyatlı davranıb və neft gəlirlərini süni olaraq aşağı göstərib. Həmçinin, Dövlət Neft Fondundan transfertlər az olduğuna, Azərbaycanda isə dövlət büdcəsinin əsas gəliri neftlə bağlı olduğuna görə büdcə gəlirləri aşağı düşüb", iqtisadçı fikrini yekunlaşdırır.
AzadlıqRadiosu