Accessibility links

Azərbaycanda əks göstərişləri olan şəxslərə sertifikatının verilməsinə başlanılır


vaksin
vaksin

Azərbaycanda avqustun 9-dan vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

"Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.

"Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır," məlumatda qeyd edilir.

Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 4885572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2827855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2057717 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi sentyabrın 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib. İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir. İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib. Bununla yanaşı, sentyabrın 1-də ölkədə dövlət, təhsil, səhiyyə, ictimai iaşə müəssisələrinə giriş COVİD-19 pasportu ilə olacaq.

XS
SM
MD
LG