Accessibility links

Azərbaycanda əlillik yeni qaydalarla müəyyənləşdiriləcək - ekspert rəyi


"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna edilmiş dəyişikliklər əlilliyin müəyyən edilməsi sahəsində ilk dəfə olaraq yeni konseptual yanaşmanı, əlilliyin qiymətləndirilməsinin ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə olmaqla yeni meyarlarla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilməsini nəzərdə tutur. Qeyd olunan dəyişikliklərlə bağlı dövlət başçısı bir sıra qanun və məcəllələrdə edilmiş dəyişiklikəri təsdiq edib”, - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev nazirlikdə keçirilən brifinqdə bildirib.

O, əlilliyin qiymətləndirilməsi sistemində tətbiq ediləcək yeni meyarlar barədə danışarkən deyib ki, qanunvericilikdə “əlilliyin səbəbi, dərəcəsi” sözləri “orqanizmin funksiyalarının pozulması faizi, səbəbi” sözləri ilə, “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Qeyd edilən dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək və artıq Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və sair kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla əlilliyin qiymətləndirilməsi aparılacaq.

Həmçinin qanunvericilikdə "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri ilə əvəzlənir və 18 yaşınadək əlilliyi müəyyən edilmiş məktəbəqədər yaşda olan uşaqların təlim və tərbiyəsinin Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulur.

Dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Sosial məsələlər üzrə ekspert Rəşad Həsənov Amerikanın Səsinə deyib ki, yeni qaydalar əlillərin vəziyyətinin yenidən qiymətləndirilməsi zamanı onların bir hissəsini bu statusdan məhrum edəcək və ya onların kateqoriyasını aşağı salacaq.

“Məsələn, hər hansı orqanında problemi olan, lakin orqanizmi funksiyasını itirməmiş şəxslər əlil hesab edilməyəcək. Bundan əlavə, yeni sistemdə əlillik meyarlarının müəyyən edilməsi zamanı subyektivlik daha da artacaq.”

Onun firkincə, yeni qaydalar beynəlxalq standartlara uyğun olsa da, Azərbaycan mühitində subyektiv baxışları artıracaq, bu isə rüşvətə meylliliyi artırmaq deməkdir.

“Yeni dəyişiklikləri əhatə edən sənəddə çoxsaylı sahəvi terminologiyalardan istifadə edilib, istinadlar çoxalıb və bir sözlə mütəxəssis olmayan şəxslərin sənədi təhlil edib nəticə çıxarması çox çətindir. Bu isə ictimai və media nəzarətinin çətinləşdirilməsi üçün əsaslar yaradır,” ekspert qeyd edib.

Hazırda ölkədə 640 minə yaxın əlil var. Ekspertin firkincə, yeni sistemin tətbiqi nəticəsində onların sayı 15-20 faiz azalacaq.

XS
SM
MD
LG