Accessibility links

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə vaksin vurulmasının şərtləri açıqlanıb


vaksin

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacağı açıqlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Məlumata görə, mRNT Pfizer (“Comirnaty”) vaksinin vurulmasına gəlincə isə qərarda qeyd olunur ki, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyası yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazə verib.

Qərar da bu icazə nəzərə alınmaqla verilib.

Qərara əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

Şərhlərə bax

XS
SM
MD
LG