Accessibility links

Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır


Vaksin
Vaksin

"Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır".

Bunu mayın 6-da Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində söyləyib.

"Mən hər bir vətəndaşı bütün bu kampaniyaya qoşulmağa çağırıram", - o bildirib.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. Hazırda yaşı 40 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyə kimi 1.5 milyondan çox Azərbaycan vətəndaşı koronavirusa qarşı peyvənd olunub. Onların təqribən 600 mini hər iki mərhələdən keçib.

Bundan əlavə Teymur Musayev deyib ki, "Ramazan bayramı günlərində (13-14 may) əlavə məhdudiyyət tətbiq olunmayacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi

Onun sözlərinə görə, yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlıdır.

Öz növbəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışında deyib ki, Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır

“Ən çox yeni yoluxmanı noyabr və dekabr aylarında görürdük. Bu zaman aparılan testlərdə 30 % pozitiv nəticələr var idi”. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Qarayeva bildirib ki, yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesi başlayıb:

“Bundan sonra yoluxma maksimum 2000-2500-ə çatdı. Bu gün biz kəskin karantin rejiminə getmədən sosial həyatda bəzi aktivlikləri saxlayaraq, yoluxma sayında enmələr müşahidə edirik. Yoluxma əmsalı 10 %-ə yaxınlaşır. Bu, çox yaxşı vəziyyətdədir. Bu gün Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda ümumilikdə 323 min 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 617 nəfərin vəfat etdiyi bildirilir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 1 516 923, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 975 208, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 541 715 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG