Accessibility links

Azərbaycanda 192 siyasi məhbus var - hüquq müdafiəçiləri yeni siyahı açıqlayıb


Siyasi məhbus siyahısı
Siyasi məhbus siyahısı

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” İttifaqı avqustun 5-də yenilənmiş siyasi məhbus siyahısını dərc edib.

Siyahıda 192 nəfərin adı var. Siyasi məhbusların sayı son üç həftə ərzində müxalifətçilərin kütləvi həbsləri ilə əlaqədar kəskin şəkildə artıb.

Belə ki, 36 yeni siyasi məhbus ictimai asayişi pozmaqda və hakimiyyəti ələ keçirmək cəhdində ittiham olunan AXCP üzvləri və digər şəxslərdir.

Siyahı AŞPA-nın 2012-ci il tarixli 1900 saylı qətnaməsində yer alan “siyasi məhbus” anlayışının meyarlarına uyğun olaraq tərtib edilib

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus (keçmiş “vicdan məhbusu”) və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov (keçmiş “vicdan məhbusu”) tərtib ediblər.

Siyahı 9 qrupdan ibarətdir:

- jurnalistlər və blogerlər - 8 nəfər

- müxalif partiya və hərəkatların üzvləri - 11 nəfər

- 14-15 iyul 2020-ci il mitinqindən sonra həbs edilənlər - 36 nəfər

- MTN-dəki cinayətlərin qurbanları - 1 nəfər

- dindarlar - 51 nəfər

- girovlar - 1 nəfər

- Tərtər işi ilə bağlı həbs edilənlər - 25 nəfər

- Gəncə işi ilə bağlı həbs edilənlər - 45 nəfər

- ömürlük məhbuslar - 14 nəfər.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, siyasi iradəsinə, tənqidi fikirlərinə görə insanların təqib edilmədiyini bəyan edir.

Prezident İlham Əliyev dəfələrlə ölkədə bütün fundamental hüquqların tam bərpa edildiyini bildirib.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası bu ilin yanvarında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.

Amnesty İnternational ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG