Son günlər növbətçi hakimlər tərəfindən məhkumların işlərinə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə məhbusların azadlığa buraxılması xahişi ilə Prezident Administrasiyasına müraciət edilib.
“Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların azadlığa buraxılmasına başlanılıb. Bu, hələlik cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay həbs müddəti qalanlara aid olunacaq. Proses aprel ayı ərzində davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir,” o, Amerikanın Səsinə deyib.
Cəfəroğlu bildirib ki, eyni zamanda İnsan Hüquqları üzrə Monitorinq Qrupuna daxil olan hüquq-müdafiə təşkilatları ölkə başçısına müraciət edərək siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmasını xahiş edib.
"Monitorinq qrupu hesab edir ki, siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması beynəlxalq təzyiqin nəticəsi kimi deyil, Azərbaycan dövlətinin humanist addımı kimi qiymətləndirilməlidir," hüquq müdafiəçisi Amerikanın Səsinə deyib.
Hüquq-müdafiə təşkilatları ölkədə 130-dək siyasi məhbusun olduğunu bildirir.
Ədliyyə Nazirliyinin məlumatında deyilir ki, koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq cəzaçəkmə müəssisələrində zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.
“Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda məhbusların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib. Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur,” mətbuat xidməti bildirir.