Accessibility links

Azərbaycanda 2021-ci ildən icbari tibbi sığorta haqları toplanacaq - ekspert rəyi


2021-ci il yanvarın 1-dən etibarən Azərbaycanda dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.

Bu barədə Azərbaycanın İcbari Tibbi Sığorta Agentliyi məlumat yayıb.

Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Agentlik bildirir ki, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Belə ki, 2022-ci il yanvarın 1-dək əmək haqqının 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödənməlidir.

Digər şəxslərin icbari tibbi sığorta haqqı isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Xatırladaq ki, 1 yanvar 2020-ci ildən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. 1 yanvar 2021-ci il tarixindən etibarən daha 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq. 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Beləliklə, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.

Qalib Toğrul
Qalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul Amerikanın Səsinə müsahibəsində bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin qarşılanması üçün 2021-ci ilin dövlət büdcəsindən 1 milyard 44 milyon 700 min manat vəsait ayrılması proqnozlaşdırılıb.

“Bundan əlavə nəzərə alsaq ki, icbari tibbi sığortanın tətbiqindən sonra artıq büdcə təşkilatları da əməkhaqqı fondundan müəyyən tutulmalar həyata keçirməlidir. Həmin tutulmaların maliyyələşdirilməsi üçün isə 105 milyon 900 min manat vəsait nəzərdə tutulub.”

Ekspert hesab edir ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən problemlərin olacağı qaçılmazdır.

“Çünki COVİD-19 pandemiyası ilə bağlı qeyri-müəyyən bir vəziyyət var. Hazırda səhiyyə müəssisələrinin gücü koronavirusa qarşı mübarizəni aparmağa adekvat deyil. Təsəvvür etsək ki, buraya icbari tibbi sığorta ilə bağlı xidmətlərin göstərilməsi də daxil olacaq. O, tam başqa bir mexanizmdir. Bu halda çox güman ki, müəyyən problemlərin olması qaçılmazdır. İcbari tibbi sığortanın tətbiqinin necə olacağı ölkəyə koronavirusla bağlı peyvəndlərin gətirilməsi və onun nəticlərinin necə olacağından asılıdır.”

Onun fikrincə, əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatımlılığı üçün icbari tibbi sığortanın tətbiqindən əvvəl bir sıra problemlər həll edilməli idi.

“Bir tərəfdən pandemiya buna imkan vermədi, digər tərəfdən isə bu sistemdə ziddiyyətlər və ikihakimiyyətlik yarandı. Amma pilot kimi tətbiq olunan rayonlarda elə də ciddi problemlər qeydə alınmayıb. Hesab edirəm ki, bu sistemdə islahatların aparılması qaçılmazdır. Bütövlükdə səhiyyə sistemdə müəyyən islahatların aparılması qaçılmazdır. Çünki bir tərəfdən pandemiyanın təsirləri, digər tərəfdən bu sistemin özündə idarəetmə ilə, korrupsiya və rüşvətlə bağlı olan problemlər təbii ki, icbari tibbi sığortanın tətbiqi zamanı müəyyən problemlər yaradacaq,” ekspert qeyd edib.

XS
SM
MD
LG