Accessibility links

Azərbaycanda 226 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib


Yanvarın 27-də Azərbaycanda koronavirus infeksiyasından 601 nəfər müalicə olunaraq sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 229,584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221,717 nəfər müalicə olunaraq sağalıb, 3,105 nəfər vəfat edib. Aktiv xəstə sayı 4762 nəfərdir.

Ötən müddət ərzində 2,380,074 test aparılıb. Bugünkü test sayı isə 7,458-dir.

Yanvarın 18-dən başlayaraq ölkədə Çin istehsalı olan "CoronaVAC" vaksini ilə vaksinasiya başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatacaq.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG