Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 2420 yeni hal aşkar edilib, 1358 xəstə sağalıb, 29 nəfər vəfat edib.
Bu barədə oktyabrın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ümumilikdə, pandemiya başlayandan Azərbaycanda 524 788 nəfər yoluxub, o cümlədən 489 032 nəfər müalicə olunub, 6995 nəfər vəfat edib, 28761 aktiv xəstənin müalicəsi davam edir.
Gün ərzində 13 827 test keçirilib.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 518 min 912, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 154 min 936, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 363 min 976 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.