Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2631 yoluxma faktı qeydə alınıb, 1989 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 547 min 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 507 min 756 nəfər müalicə olunaraq sağalıb, 7 min 269 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 256 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 367, bu günə qədər isə ümumilikdə 5 milyon 284 min 216 test icra olunub.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 917 min 548, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 997 min 506, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 435 min 80 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 484 min 962 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.