Yanvarın 24-də Azərbaycanda koronavirus infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxaxn 10 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 228 min 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220 min 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 601 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 361 min 552 test aparılıb. Bugünkü test sayı isə 7 079-dur.
Yanvarın 18-dən başlayaraq ölkədə Çin istehsalı olan "CoronaVAC" vaksini ilə vaksinasiya başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatacaq.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.