Accessibility links

Azərbaycanda 29 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər ölüb


`

Martın 26-da Azərbaycanda 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatıda deyilir ki, 2020-ci il martın 12-də Türkiyədən qayıdan 1961-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxan 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və martın 26-da evə buraxılıb.

Azərbaycanda indiyədək koronavirusa yoluxan 3 nəfər vəfat edib, 15 nəfər sağalıb.

Operativ Qərargah bildirir ki, hazırda ölkədə xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkənin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlanıb.

“Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq,” Nazirlər Kabineti bildirir.

Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq tövsiyə olunub.

Şərhlərə bax

XS
SM
MD
LG